Rəcəb ayının 13-ü, miladi təqvimlə may ayının 13-də müsəlmanların 1-ci İmamı Həzrət Əlinin mövlud günüdür. Bu münasibətlə islam.az o Həzrətin (ə) həyatına vəhdət prizmasından yanaşıb...
Həzrət Əli (ə) hətta düşmənləri tərəfindən belə etiraf edilən bəşəriyyət tarixinin ən dahi şəxsiyyətlərindən biridir. Kafirləri diz çökdürən, nərəsi ilə düşmənlərin qəlbinə xof salan, Xeybər qalasının qapısını yerindən qoparan Həzrət Əli (ə) eyni zamanda gecələri hönkür-hönkür ağlayan, son dərəcə kövrək bir şəxsiyyət idi. Hər zaman zülmə qarşı mübarizə aparan, məzlumların yanında olan, ədalətsizliyə səbr edə bilməyən Həzrət Əli (ə) İslamın birliyi naminə öz haqqından əl çəkmiş, ona və ailəsinə qarşı olan ədalətsizliyə dözümlü yanaşmağı bacarmışdı. İstənilən döyüşlərdən qələbə ilə qayıdan, zəmanəsinin ən məşhur cəngavərlərin belini yerə vuran Həzrət Əlinin (ə) döyüş sənətində olduğu qədər elm və hikmətdə, fəsahət və bəlağətdə, xitab və natiqlikdə də tayı-bərabəri yox idi.
Həzrət Əlinin (ə) İslam birliyi üçün göstərdiyi səylər
Uşaqlığından Peyğəmbər tərbiyəsi almış, vəhy ocağında böyüyüb-başa çatmış Həzrət Əli (ə) bu məsələnin mahiyyətini dərk edərək bütün ömrü boyu İslamın vəhdəti üçün çalışmışdır. Məhəmməd Peyğəmbər (s) vəfat etməmişdən qısa müddət əvvəl Qədir-Xum çölündə Həzrət Əlini (ə) özündən sonra ümmətə rəhbər təyin etməsinə baxmayaraq, O Həzrətin vəfatından sonra ixtilaflar ortaya çıxdığından və İslam ümmətinin birliyi təhlükə altına düşdüyündən Əli (ə) öz haqqından keçərək və İslamda vəhdəti hər şeydən üstün tutaraq Əbu Bəkrə (bəzi rəvayətlərə görə 6 ay sonra) beyət etmişdir.
O günlərdə Mədinədə vəziyyət qarışmışdı. Şəhər ətrafında bir qrup heç kimin xilafətini qəbul etmir, bir qrup İslamı tərk edərək mürtəd olmuş, yalançı peyğəmbərər ortaya çıxaraq ətrafına adamlar toplamağa başlamışdı. Bir tərəfdən də bu torpaqlara göz dikən digər dövlətlər... Hər an Mədinəyə hücum edilə və İslam yer üzündən silinə bilərdi. Uzaqgörənliyi ilə vəziyyəti düzgün dəyərləndirən Həzrət Əli (ə) “Nəchül-Bəlağə”dəki məktublarından birində məhz buna görə müsəlmanların köməyinə tələsdiyini, beyət etməklə müsəlmanları çaşqınlıqdan qurtardığını və İslam birliyini qoruduğunu qeyd edir:
“Beləliklə, (həmin vəziyyətdə) əl saxladım. Nəticədə camaatın bir dəstəsinin dindən dönərək mürtəd olduqlarını və İslamdan qayıdaraq Məhəmmədin (s) dinini məhv etmək istədiklərini gördüm. Qorxdum ki, İslam və müsəlmanların köməyinə tələsməsəm, onda nöqsan və dağıntı (yaranmasını) görərəm və onun müsibət və kədəri mənim üçün, nəticəsi ilğım kimi (yaxınlaşanda) yoxa çıxan və ya bulud kimi səpələnən bir neçə günlük müvəqqəti mal-mülk və sizin əhəmmiyyət verdiyiniz hakimliyin əldən çıxarmasından daha ağır olar. Buna görə də həmin hadisə və dağıdıcı hərəkətlərin arasında ayağa qalxdım (İslam və müsəlmanlara kömək edərək onları məəttəlçilik və çaşqınlıqdan qurtardım). Nəticədə əyrilik və təxribatların qarşısı alındı və onlar məhv oldular, din (mürtəd və dağıdıcıların fitnələrindən) nicat taparaq (nigarançılıqdan) qurtulub öz yerində qərar tutdu”.
Həzrət Əli (ə) xəlifələr dövründə ümmətin birliyi üçün hərbi, elmi və məhkəmə məsələlələri kimi bir çox problemli işlərdə öz məsləhətlərini və qəzavətlərini vermiş və xəlifələrlə əməkdaşlıq etmişdir. Onun səhabələri xəlifələr dövründə baş vermiş fəthlərdə yaxından iştirak etmişdir. Həzrət Əli (ə) öz haqlarını heç zaman ümmətin haqqından üstün tutmamışdır.
İkinci xəlifənin ömrünün sonlarına yaxın şura məclisi qurularaq növbəti xəlifə seçilməli idi. Şuranın 6 üzvündən biri Həzrət Əli (ə) idi. Şuranın çıxaracağı qərarın Həzrət Əliynin (ə) zərərinə olacağı əvvəlcədən bəlli idi. Buna görə də Əlinin (ə) əmisi Abbas ona şurada iştirak etməməyi məsləhət görmüşdü. Əli (ə) isə “mən ixtilafı sevmirəm” deyə cavab vermişdi. Abbas “elə isə istəmədiyin nəticə ilə qarşılacaqsan” demişdi. Gözlənildiyi kimi şura Osmanı xəlifə seçdikdən sonra Həzrət Əli (ə) buyurdu:
“Yaxşı bilirsiniz ki, mən xilafət üçün hamınızdan daha layiqliəm. Lakin burda yalnız mənə qarşı ədalətsizlik edildiyinə və müsəlmanların işi yaxşı olduğuna görə, heç vaxt müxaliflik etmərəm”.
O Həzrət (ə) vəhdətin, birliyin simvoludur
Həzrət Əlinin xilafətə gəldiyi günlərdə də İslam ümməti arasında ixtilaflar baş alıb gedirdi. Bir qrup insan üsyan qaldıraraq xəlifə Osmanı evində qətlə yetirmişdi. Müsəlmanlar Həzrət Əlini (ə) öz xilaskarı kimi görür və ona beyət edirdilər. Əliyə (ə) beyət edənlər arasında Təlhə və Zübeyr də var idi. Lakin Əli (ə) onlara hakimiyyətdə yer vermədiyi üçün qısa müddət sonra beyətlərini pozaraq üsyan etdilər. Həzrət Əli (ə) son ana qədər onlarla qarşılaşmaqdan çəkinmiş, İslam birliyini qorumağa çalışmış və dəfələrlə onları bu yoldan dönməyə çağırmışdı:
Həqiqətən onlar (Təlhə, Zübeyr və onların tərəfdarları Osmanın intiqamını almaq üçün deyil) mənim xilafətimə razı olmadıqlarına görə toplaşaraq bir-birlərinə kömək edirlər və mən sizin birliyinizə xələl gəlməsindən (dininizdə ziddiyyət yaranaraq təfriqəyə düçar olmağınızdan) qorxmayana kimi (onların itaətsizliklərinə) səbr edirəm (ki, bəlkə peşman oldular və hələ də bu səbrimdə qalmaqdayam). Çünki əgər onlar (gerçəkləşdirmək istədikləri) bu zəif və səhv fikri sona çatdırsalar (davam etdirsələr), müsəlmanların (din və dünya işlərinin) nizam-intizamı bir-birinə dəyəcək. (Nəhcül-Bəlağə, 168-ci xütbə)
Həzrət Əli (ə) İslam birliyini pozanları “şeytanın qulları” adlandıraraq kimliyindən asılı olmayaraq onlara qarşı mübarizə aparmağın vacib olduğunu düşünüb. O, İslam birliyi üçün böyük təhlükə olan xəvariclərlə demək olar ki, tək başına mübarizə aparımış və onları darmadağın etmişdir.
“Allahın əli camaatın üstündədir (Allahın razılığı birlikdədir). (Onlara qarşı) müxaliflikdən və ayrılıqdan çəkinin. Çünki tək qalan qoyun canavara yem olduğu kimi, camaatdan təcrid olan, tənha qalan da şeytana düçar olar. Agah olun, başqa birini bu yola dəvət edən (dində ixtilaf yaradan) hər kəsi öldürün, mənim əmmaməmin altında olsa belə. (Təfriqə salanı mən olsam belə öldürün”.
Hal-hazırda İslam dünyası tarixinin, bəlkə də ən ağrılı, acılı günlərini yaşayır. Demək olar ki, İslam dünyasının coğrafiyasının hər bir tərəfini fitnə-fəsad bürüyüb. Bir çox bölgələrdə müsəlmanlar biri-birlərinə qarşı vuruşurlar. Həzrət Əlinin (ə) dövründəki xəvariclər kimi müsəlmanları təkfir edən dəstələr ortaya çıxaraq müsəlmanları parçalamaq, İslam birliyini yox etmək üçün əllərindən gələni edirlər. Belə bir halda ömrünü İslama həsr etmiş, həyatı boyunca fitnə-fəsada qarşı mübarizə aparmış və İslam birliyi üçün ən böyük fədakarlıqlar göstərmiş Həzrət Əlinin (ə) həyatından və ideologiyasından dərs almaq və bu cür təbliğ etmək hamımızın vəzifəsidir. O, vəhdətin, birliyin simvoludur. İslam dünyası – sünnisi və şiəsi Həzrət Əlidən (ə) örnək almalı, birləşərək bu fitnəkarlara qarşı ciddi mübarizə aparmaldırlar.
Həzrət Əlinin (ə) məktublarının birində "Səbr etməyin ağıllı iş olduğunu görüb, gözlərimi toz, çör-çöp, boğazımı isə sümük tutduğu halda səbr etdim. Mirasımın tarac olunduğunu görürdüm" cümləsi ona qarşı edilən haqsızlıqların, ədalətsizliklərin nə qədər ağır olduğuna, bütün bunlara da səbr etməyin nə qədər çətin olduğuna bir sübutdur. Lakin o Həzrət bunu bacardı. İslam naminə, Birlik naminə, Vəhdət naminə...