Rüku etmədən səcdəyə gedən adamın namazı düzgündürmü?
Rüku namazın rükn əməllərindəndir. Yəni istər qəsdən, istərsə də bilməyərəkdən rüku etməmək və ya bir dəfədən artıq rüku etmək namazı batil edər. Rükunu unutmuş adam əgər səcdə halına çatmazdan (alnı yerə dəyməzdən) əvvəl yadına düşsə, qalxıb dik durmalıdır (çünki rükuya qiyam halından getmək vacibdir). Sonra rükuya getməli, qoşa səcdə etməli və namazını davam etdirməlidir. Əgər alnı yerə dəyəndən sonra bunu xatırlasa, bəzi müctəhidlərin fətvasına görə yenə eyni cür hərəkət etməlidir (Ayətullah Sistani, Nasir Məkarim Şirazi, mərhum Təbrizi və b). Amma bəzi müctəhidlər bu halda vacib ehtiyata görə namazı başa çatdırıb, sonra yenidən qılmağa göstəriş verirlər (mərhum Ayətullah Lənkərani). Alnını ikinci səcdəyə qoyandan sonra rüku etmədiyi yadına düşsə, atrıq namazı batildir.
İslam.az