Sabahdan etibarən 3 gün ərzində İslam dünyası Həzrət Muhəmmədin (s) əziz qızı, "Analar anası", "Dünya və axirət xanımlarının xanımı" Həzrət Zəhranın (sə) şəhadət gününü qeyd edəcək. Bu günlər müsəlmanlar arasında "Əyyami-Fatimiyyə" kimi tanınır. İslam.az bunun səbəbi və bu günlərin mənəvi təsirləri ilə bağlı ilahiyyatçıların nəzərini öyrənib.
- Qarşıda İslam aləmində Əyyami-Fatimiyyə (sə) günləri gəlir. Bu günlər niyə belə adlanıb?

Haci Şahin Həsənli
- Əziz İslam peyğəmbəri Həzrət Muhəmmədin (s) "ciyər-parəsi", əziz qızı Həzrəti- Fatimənin (s.ə) şəhadəti ilə bağlı iki ehtimal var. Bir rəvayətə görə, Peyğəmbərimizin (s) vəfatından 75 gün sonra, digər rəvayətə görə isə 95 gün sonra şəhid olub. Bu iki şahədət günləri arasında müəyyən matəm mərasimləri və Xanım Fatiməni (s.ə) yad etmək üçün tədbirlər keçirilir. Əyyami-Fatimə, yəni Fatimə (s.ə) günləri də məhz bu səbəbdən deyilir. Müsəlmanlar hər il bu günü qeyd edirlər.

Hacı Samir Ağayev
- Xanım Fatimeyi-Zəhranın (s.ə) şəhadəti ilə bağlı tarixdə ixtilaf var. Bəzləri deyirlər ki, o Həzrət (sə)Peyğəmbərdən (s) 75 gün sonra, bəziləri isə 95 gün sonra dünyasını dəyişib. Bu ixtilaf səbəb olub ki, onun vəfat günü iki dəfə qeyd olunsun. Bu iki tarix arasındakı günlərə “Əyyami-Fatimiyyə” (Fətimə (sə) günləri) deyirlər. Bu günlərdə tövsiyyə edilir ki, şadlıq, şənlik, toy, eyş-işrət məclisləri qurulmasın, Xanım Fatimənin (sə) ehtiramı saxlanılsın.
Xanım Fatimeyi-Zəhra (sə) Quranda şəninə surə nazil olmuş bir xanımdır. Peyğəmbər (s) onu “Analar anası”, “Xanılmlar xanımı”, “Ciyər parəsi” adlandırıb. Xanım Zəhra (sə) Xanım Zeynəbin (sə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) anasıdır. Böyük etiramlı bir xanımdır. Bu ehtirama görə, alimlərin tövsiyyəsi əsasında adətən onun şəhadətini 3 gün qeyd edirlər. Bu da birinci şəhadət günündən hesab olunur. Bu il birinci şəhadət günü martın 15-nə, digəri isə aprelin 3-ə təsadüf edir.
- Ümumiyyətlə, 14 Məsumun (ə) doğum və şəhadət günlərinin yad edilməsinin insana nə cür mənəvi təsiri var?
Hacı Şahin
- Qurani-Kərimdə də buyurulur ki, Allahın nişanələrinə, şüarlarına, əlamətlərinə təzim edin. Böyük insanlar da Allahın varlığının nişanələridir. Allahı bizə xatırladan insanlar var. Onlar dünyadan köçdükdən sonra da Allahı bizə xatırladırlar, bizi mənəviyyata dəvət edirlər. Bu insanlar mənəviyyat carçısıdırlar. Fərqi yoxdur onlar həyatdadırlar, ya dünyasını dəyişiblər, hər zaman bir növ hidayət məşəli rolunu oynayırlar, bizi doğru yola istiqamətləndirirlər. Buna görə də belə bir şəxsiyyətlərin doğum və vəfat günlərinin qeyd olunması əslində dinin özünə bir ehtiramın və hörmətin təzahürüdür. Qurani-Kərimdə qeyd olunur ki, “De ki, dəvətimin əvəzində sizdən yalnız bir şey istəyirəm ki, mənim yaxınlarımı, ailəmi sevəsiniz.” Yəni Allah insanlara buyurur ki, Peyğəmbərin (s) sizləri ilahi yola dəvət etməsinin müqabilində, o Həzərtin (s) yaxınlarını və ailəsini sevin.
Bu səbəbdən də Peyğəmbərin özünün və onun nəslindən olan digər 13 məsumun (ə) doğum və şəhadət günlərinin qeyd edilməsi, bu münasibətlə mərasimlərin keçirilməsi, ümumiyyətlə Məsumların (ə) yad edilməsi bu məhəbbətin təzahürüdür. Əslində bu mərasimlərdə, tədbirlərdə o fəzilətli insanların həyatından, onların ictmai fəaliyyətlərindən danışılır, mənəvi və ictimai tərəflərinə diqqət yönəldilir. Buna görə də bu tədbirlərin müsəlmanlar üçün böyük faydası var. Müsəlmanlar bu insanlardan dərs alır və bu tədbrlərdə eşitdikləri sözlərə əməl etməyə çalışırlar. Ümumiyyətlə insanların bir yerə toplaşaraq bir tədbir keçirməsi birliyin, mehribançılığın, vəhdətin möhkəmlənməsinə xidmət edir.
Hacı Samir
Bəli, çox böyük bir mənəvi təsirə malikdir. Həmin günlərdə insanlar Allahın rəhmətini xatırlayır, Məsumun (ə) həyatını yada salırlar. Məsumlar (sə) bəşəriyyət üçün ülgüdür (ülvi nümunədir). Onları yad etmək, onların mövlud və şəhadət günlərini xatırlamaq insana Məsumların (sə) həyatından ülgü götürməyi tövsiyyə edir. Məsumları (sə) xatırlamaq, yada salmaq, onların həyatına təkrar baxmaq insanda çox mənəvi bir potensial yaradır və mənəvi təmizliyə, saflığa doğru aparır. Ən azından Allah-Təala imkan verməz ki, Əhli- Beytin (ə) ehtiramını saxlayan bir insan küfrlə dünyadan köçsün, cahilcəsinə dünyasını dəyişsin və Cəhənnəmə getsin.
- Bu günlərin ehtiramını saxlayaraq eyş-işrət məclislərindən uzaq duran və Xanım Fatiməni (ə) yad edən şəxslərin ilahi mükafatları varmı?
Hacı Şahin
- Günah etmək hər zaman asandır. Bəzi xüsusi günlər var ki, məsələn Ramazan ayında, yaxud Məhərrəm ayında, yaxud bəzi digər əlamətdar günlərdə günahın cəzası ikiqat verlir. Bu hədislərdə də qeyd olunub. Xanım Fatimeyi-Zəhra (s.ə) bütün müsəlman ümmətinin anasıdır. Həzət-Fatimənin (sə) həqiqətən də xüsusi və böyük bir məqamı var. Quranda Kövsər surəsi Həzrəti-Fatimənin (sə) şəninə, hörmətinə nazil olub. Həzrəti-Fatiməni (s.ə) sevmək iman əlaməti hesab olunur. Buna görə də insan Xanım Zəhranın (s.ə) ruhuna ehtiram əlaməti olaraq bu günlərdə günah əməllərdən çəkinərsə təbii ki, bu cavabsız qalmaz və Allah-Taala tərəfindən əvəzi (mükafatı) verilər.
Peyğəmbər Həzrət Fatiməyə (sə) o dərəcədə hörmət edirdi ki, o Xanım (sə)evə daxil olduqda ayağa dururdu. Peyğəmbərin (s) yolunu davam edərək, onun qızına hörmət göstərən insanın şübhəsiz ki, Allahın yanında müəyyən bir dərəcəsi var və mükafatlandırılacaqdır.
Hacı Samir
- Həzrət Peyğəmbər (s) buyurur ki, “Kim bizim şadlığımızda şadlansa və kədərimizdə kədərlənsə, o bizimlə məhşur olacaq”. Əlbəttə ki, Allahın və Peyğəmbərinin ehtiram etdiyi insanlara ehtiram göstərmək təbii ki, Allah-Təala tərəfindən mükafatlandırılacaq.
Ən azından Allah-Təala imkan verməz ki, Xanım Zəhranın ehtiramını saxlayan şəxs küfrlə dünyadan köçsün, cahilcəsinə dünyasını dəyişsin, cəhənnəmə getsin.
- Müsəlman qadın Xanım Fatimə-Zəhranı özünə hansı sahələrdə və hansı keyfiyyətlərinə görə örnək seçə bilər?
Hacı Şahin
- Mən deyərdim ki, ümumiyyətlə Xanım Zəhra (sə) təkcə qadınlar üçün deyil, bəşəriyyətə, insanlığa br nümunədir. Həzrət Fatimə (sə) həm Allaha yaxın bir insandır, həm də parlaq bir ictimai şəxsiyyətdir. Həzrət Fatimə (s.ə) Xanım Zeynəb (sə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi dəyərli insanlar tərbiyə edərək cəmyyətə təqdim etmiş bir şəxsiyyətdir. Həzrət Fatimə (sə) gözəl bir ana, eyni zamanda gözəl bir övladdır. O Həzrət (sə) həyat yoldaşına sayğı ilə yanaşan bir xanımdır. Bunlardan hamısından önəmli olan o Xanım (sə) Allahın kamil bəndəsidir. Hədislərdə qeyd olunur ki, Həzrət Fatimə (sə) ibadət edərkən Allah-Təala fəxr edir və mələklərə Fatimənin (sə) ibadətini göstərərək buyurur ki, “Görün necə bir insan yaratmışam!”. Eyni zamanda Həzrət Fatimə (sə) öz dövrünün ictimai xadimidir. O, dövrünün ictimai hadisələrinə biganə qalmayan bir şəxsiyyətdir. Öz dövründə baş vermiş haqsızlıqlara qarşı mübarizə aparan bir insandır. Əslində Peyğəmbərin (s) dinini öz fəaliyyəti ilə diri saxlamış bir insandır.
Həzrət Fatimə (sə) həm də böyük bir elm xəzinəsidir. Həzrət Fatimənin (sə) Mədinədə söylədiyi xütbə hətta bu gün fəlsəfə alimlərini heyran qoyacaq dərəcədə zəngindir. Bu xütbədə həm müxtəlif fəlsəfi-elmi məsələlərə, həm də ictimai mövzulara toxunulur. Bütün bunlar Həzrət Fatimənin (sə) şəxsiyyətinin müxtəlif cilvələri, təzahürləridir. Buna görə də, Həzrət Fatimə bütün bəşəriyyətə, insanlığa hər baxımdan nümunə ola biləcək bir şəxsiyyətdir.
Hacı Samir
Həyatın hər bir sahəsində bütün xanımlar Xanım Zəhranı özünə nümunə seçə bilərlər. Qadınlar o Xanımın (sə) həyatından, həyasından, ailədə atasına, ərinə, övladlarına göstərdiyi ehtiramdan ibrət götürə bilərlər. Nəyə görə qadınlar bu əzəmətli Xanımı (sə) özlərinə bir nümunə seçməsinlər, bir halda ki, İslam Peyğəmbəri (s) buyurub: "Məryəm öz əsrinin qadınlarının xanımı idisə, qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün dünyanın qadınlarının xanımıdır". Bundan başqa İmam Həsən (ə) söyləyib: "Biz Allahın yer üzərində insanlara olan höccətiyik, Fatimə(s.ə) Allahin bizə olan höccətidir".