“İslam məmləkəti – Azərbaycan” rubrikasının növbəti buraxılışında İslam.az oxucularını Gəncə şəhərinin mərkəzində yerləşən “Şah Abbas” məscidi haqqında məlumatlarla tanış edəcək.
Şah Abbas məscidi 1606-ci ildə I Şah Abbas tərəfindən böyük İslam filosofu Şeyx Bəhaəddin Məhəmməd Amili İbrahim oğlu Sərməndinin layihəsi əsasında inşa edilmişdir. Şeyx Bəhaəddin eyni zamanda Eynşteyndən əvvəl atom nəzəriyyəsini irəli sürən böyük bir fizikdir. İsfahanda bir şamla isinən məşhur hamamın da memarı məhz Şeyx Bahaəddindir. Dörd əsr bundan əvvəl Gəncə, İsfahan, Məşhəd kimi şəhərsalma layihələrinin rəhbəri də Şeyx Bəhaəddin olub.
Gəncənin mərkəzində yerləşən və xalq arasında Cümə məscidi kimi tanınan möhtəşəm məbədin hər küncündə 3 hücrə (otaq) olmaqla ümumilikdə 12 hücrə var. Bu da 12 İmamı (ə) simvolizə edir. Bundan başqa çıraqbanların altında olan 8 guşəli miniatür Cənnətin 8 guşəli olmasına işarədir.

Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından, daş kömürün üyüdülmüş maddəsi və qırmızı kərpicdən istifadə edilib. Divarların qalınlığı 1 metrdən 3 metrə qədər dəyişir. Hücrələrin birində divar sobası inşa edilib. Bu soba vasitəsilə fiziki qanunlara əsasən istilik dövriyyəsi sistemi qurulub. Bir otaqda qalanan soba bütün ibadət zalını və bütün hücrələri isidirmiş. Sovetlər hakimiyyəti dövründə baxımsızlıq ucbatından öz funksiyasını itirən soba günümüzə qədər qorunub saxlanılıb.
Məsciddə palıd və zökəm kimi ağac növlərindən hazırlanmış nadir minbər var. Minbərin unikallığı ondan ibarətdir ki, onun hazırlanmasında bircə mismardan belə istifadə edilməyib. Minbərin üstündə Şah Abbasın sərkərdəlik dəbilqəsini əks etdirən bir rəmz var. Minbər İslami miniatürlərlə bəzədilmiş nadir incəsənət əsəridir.

Məscidin axundu Hacı İsgəndər islam.az-a bu ibadət ocağının keçdiyi tarixi mərhələrdən, məruz qaldığı dağıntılardan danışıb.
- Məsciddə aparılan təmir-bərpa işləri haqda nə deyə bilərsiniz?
- Məsciddə bir çox tarixi təmir işləri aparılıb. Minbərin üzərində yazılmış tarixi məlumatlardan əldə edirik ki, 1795-ci ildə Dağıstandan Şeyx Ramazan adlı bir şəxs Gəncəni işğal etmək istəyir və Cavad xan da ona qarşı mübarizə aparır. Cavad xan onu məğlub edərək Şah Abbas meydanında (indiki icra hakimiyyətinin qarşısındakı meydan) edam etdirib. Döyüş zamanı məscidə ciddi ziyanlar dəyib, minbərin bir hissəsi yanıb. Bu yanıq nişanələri indiyə kimi də qalıb. Bu dövrdə Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu–Qacar məscidində əsaslı təmir işləri aparıb.

2008-ci ildə Prezident İlham Əliyevin şəxsi göstərişilə Heydər Əliyev Fondu hesabına Şah Abbas məscidində əsaslı bərpa işləri aparılıb, ibadətgahın qapı-pəncərələri dəyişdirilib, şəbəkələrə yenidən işlənərək əsrarəngiz görkəm verilib, divarlar xüsusi zövqlə rənglənib. Təmir işləri aparılan zaman otaqların birindən 1909-ci ilə aid təmir aktı və pullar tapılıb. Akt məscidin 1909-ci ildə Molla Qasim adlı fərdi bir şəxs tərəfindən təmir edilməsi haqqındadır. Yerli sakin olan Molla Qasim Türkiyəyə gedərək 25 ilə yaxın çalışıb və qarşısına məqsəd qoyub ki, məscidi təmir etdirmək üçün kifayət edəcək maliyyəni toplayacaq və məscidi təmir etdirəcək.
2011-ci ildə isə məscidin həyətyanı sahəsində bərpa işləri aparılıb, yerə qranit döşənib.
- Deyilənə görə məscidin minarələri daha sonra inşa edilib. Bu doğrudurmu?
- Məscidin qarşısındakı minarələr məscidin inşasından təxminən 150 il sonra, yəni Şeyx Cavaddan təxminən 60-il əvvəl yerli camaart tərəfindən inşa edilib. Lakin 1920-ci ildə bolşeviklər tərəfindən şəhərə və ətrafa atılan mərmilərin təsirindən minarələrin biri əyilmişdi.

- Məscidin Gəncə şəhərindəki ictimai həyata nə kimi təsiri olub?
- O dövrlərdə Qafqazın ən ali dini hövzəsi məhz Gəncə şəhəri olub. Məscidin ətrafı zəncirvari hücrələrlə əhatələnibmiş. Azərbaycanın saylı-seçmə alimləri Şah Abbas məscidində fəaliyyət göstərib və dini təlimlər veriblər. 1804, 1918-20-ci illərin, daha sonra isə 1937-ci ilin repressiya dövrlərində alimlərin böyük əksəriyyəti şəhid olub. Gəncə şəhəri uzun müddət din sahəsində alimsiz qalıb.
Gəncədə baş vermiş bütün tarixi hadisələr məhz Şah Abbas məscidindən başlanıb. Hətta Cavad Xanın 1804-ci ildəki qiyamı da məhz bu məsciddən başlayıb. O dövrdə Gəncənin şeyxi fətva verib ki, nə qədər bizim müstəqilliyimiz yoxdur, qıldığımız namaz və etdiyimiz ibadətlər batildir. Bu fətva əsasında xalq Cavad Xanın rəhbərliyi ilə ayağa qalxır. Gəncə işğal edildikdən sonra isə ruslar həmin alimi minarədən aşağı ataraq şəhid edirlər.
Qısası, məscid tarixən bir çox ictimai-tarixi-siyasi hadisələrdə mərkəzi rol oynayıb.
- Sovetlər dövründə məscidin fəaliyyətinə qadağa qoyulmuşdumu?
- Məscid 1961-ci ilə qədər fəaliyyət göstərib. 1961-ci ildə Gəncə Pedoqoji Universitetinin vasitəsilə məscidin fəaliyyəti dayandırılıb. Guya ki, “məscid universitetin fəaliyyətinə maneə törədirmiş”. Bu bəhanə ilə aktlaşdırılaraq məscid kimi fəaliyyətinə son qoyulub. Sonradan buranı xalça muzeyinə çeviriblər, minarənin altında olan hücrələri isə rəsm qalereyası ediblər. Ölkəmiz müstəqillik əldə etdiikdən sonra isə məscidin fəaliyyəti bərpa edilib.

Bundan başqa qeyd edim ki, 80-ci illərin əvvəllərində təmir-abadlıq adı altında məscidi dağıtmaq istəyiblər. Bunu etmək istəyənlər mənfur ermənilər olub. Onlar mozaika plitələrini bilərəkdən nəmişlik şəraitində saxlayıblar. Bundan başqa cökə ağacının kökləri dərinə gedərək ətrafa yayıldığı üçün onlar bu ağacları məscidin divarlarına yaxın əkiblər ki, tədricən bu ağaclar məscidin divarlarına zərər vursun. Lakin kənardan baxdıqda isə belə görsənir guya onlar məscidin ətrafını gözəlləşdirirlər. Məscidin sökülməsi birbaşa mümkün olmadığ üçün onlar bu taktiya əl atmışdılar. Rəsmi Moskvanın göstərişi ilə məscidin arxasında fəvvarə salınması da bu məqsədə xidmət edib.
- Məscidin dini icmasının fəaliyyəti nədən ibarətdir?
- Əvvəla, təəssüflə qeyd edim ki, hazırda nəinki Şah Abbas məscidi nəzdində, Gəncə şəhəri üzrə mədrəsə yoxdur. Məsciddə dini mərasimlər, Məsumların (ə) mövlud, şəhadət günləri, Aşura mərasimləri, Ramazan və Qurban bayramları yüksək səviyyədə keçirilir. Cümə namazları qılınır, xütbələr oxunur. Dindarların dini suallarına cavablar verilir. Dini mərasimlərlə yanaşı dövlət bayramları və milli matəm günləri də qeyd olunur.