Deyirlər, söhbət zamanına çəkər. Bir il əvvəl qatıldığım tədbirdə şahidi olduğum bir hadisəni o zaman “Ağlamalinski hədis” yazımda qeyd etdim (http://az.islam.az/news/a-7730.html).
İnsafən deyim ki, bəyənənlər ağız büzənlərdən çox oldu. Amma müəllifə inanmayanlar, müəllifi kiminsə paxırını açmaqda ittiham edənlər də tapıldı. Ölkədə sayılıb-seçilən bir din xadiminin yüksək tribunadan səsləndirdiyi “hədis”in məzmunun tərəfimdən belə tərzdə işıqlandırılması bəzilərinə yaman yer etmişdi. Peyğəmbərimizin (s) guya uşaq ikən Məkkədə şer müsabiqəsinə qatılması, bu müsabiqədə “İxlas” surəsini oxuması, nəticədə müsabiqənin qalibi olması barədə “nağıla”, bu nağılı söyləyənə də, o zaman bir qədər başqa cür yanaşmışdım. Elə həmişə əllərində balta tində gözləyənlərin məntiqi reaksiyasına da. Amma 1 il ötdü. İndi münasibətim tam başqalaşıb. İzah etməyə çalışım.
Azərbaycanda radikal sələfilərin əl-qol açmasına çoxdan şahidlik edirdik. Onları məmləkətimizə Aydan və yaxud başqa planetdən lazımsız şlak kimi böyük bir konteynerdə atmayıblar. Hər şey tədricən baş verdi və bu gün üzləşdiyimiz reallıq meydana gəldi. Artıq dövlət səviyyəsində azərbaycanlı təkfirçi qrupların Suriyada nəinki Əsəd ordusuna, hətta bir-birinə qarşı vuruşduqları etiraf edilir. Heç kim də onların, eyni zamanda Azərbaycanda qalan həmfikirlərinin əminamanlıq, sabitlik və normal həyat tərzi üçün nə dərəcədə ciddi təhlükə olduğunu inkar etmir. Hətta Qamət Süleymanov da “onlar Suriyadan qayıdandan sonra hamımızı qıracaqlar” deyir. Bu sonuncu bəyanata isə lap ciddi yanaşmaq lazımdır. Qamətdən yaxşı Suriyada vuruşanları kim tanıya bilər ki?! Bir sözlə, barıt çəlləyi təhlükəli həddə qızıb.
Bütün bu mənzərəni əbəs yerə təsvir etmədim. Mətləbdən uzaqlaşmamışam və yazının əvvəlindəki hədis əhvalatını da unutmamışam. Məsələ burasındadır ki, bu gün Azərbaycanda belə gərgin vəziyyətin yaranmasına bilavasitə səbəb yüksək tribunalardan, xütbə zamanı Peyğəmbərimizə (s), əstağfrullah, şer “oxudan” mollalardı. İndi dəb halını alıb, hamı soruşur: “Axı bu vəhhabilər nəyin hesabına camaatı özlərinə cəlb edirlər, başlarını “çevirib” zombiyə döndərirlər?”. Sonra da başlayır müxtəlif versiyalar irəli sürməyə. Kimi deyir maddi imkanları ilə, kimi kollektiv ibadətə sadiqlikləri ilə, kimi yardımlaşmaları ilə, kimi də bir başqa şey. Bütün bu variantların mümkünlüyünü inkar etmək fikrindən uzağam. Ola bilər. Amma zənnimcə bu gün vəhhabilərin belə pərvazlanmalarının səbəbini onların özündə deyil, özümüzdə, Allahın Rəsuluna hələ Quran nazil olmamış şer müsabiqəsində “İxlas” surəsini dedizdirən “mollalarda” aramalıyıq. Belə “mollalar” bir deyil, iki deyil. Şəxsən mən neçəsinə rast gəlmişəm və onların “təbliğat” arqumentləri heç də şersevən “mollanın” “ixtiralarından” geri qalmırdı. Sağlam düşüncəli insan, tarixi ibtidai səviyyədə bilən və Allah axtarışında olan 21-ci əsr sakini, gənci sizcə belə “mollaların” ardınca gedərmi, onlara iqtida etməyi özünə rəva bilərmi? Belələri onlara “ay bala, Suriyaya getmək olmaz, orda ölənlər şəhid deyillər” söylədikdə onları ciddi qəbul edərlərmi?
Düzdü, vəhhabilik qorxunc bir kabusdur, onu həmişə məsafədə, nəzarətdə saxlamaq lazımdır. Cin butulkadan çıxandan sonra artıq gec olacaq. Amma bundan da vacib olanı məscidlərimizdə, xüsusən də bölgələrimizdə fəaliyyət göstərən bəzi din “xadimlərinin” savadlı və gənc kadrlarla əvəzlənməsidir. Sabah gec ola bilər. Bu gün “ağsaqqaldı, xətrinə dəyməyək” deyə kölgələdiyimiz (qohumluğamı, yerlibazlığamı ya başqa səbəblərə görə) sözün əsl mənasında partlayış ocağını çatanlardan ola bilər. Yararsız kadr siyasəti yeridilib. Daha dayanmaq vaxtı çoxdan yetişib. Bir daha təkrarlayaq – SABAH GEC OLACAQ!
P.S. Bir il əvvəl peyğəmbərə (s) “şer dedizdirən” molla hələ də mollalığındadı... Ona, ümumiyyətlə belələrinə bir “dur!” deyən tapılacaq?
Vüsal Əliyev