“Soğan yeməmisən, için niyə göynəyir?”
Azərbaycanın dini sahəsində baş verən məlum hadisələrdən sonra “Aşur” (“Ləzgi”) və Müşfiqabad məscidləri diqqət mərkəzinə düşdü. Bəlli oldu ki, adı çəkilən ibadət ocaqlarının heç biri dövlət qeydiyyatından keçməyib. Üstəgəl, bu məscidlərdə Suriyada Cənnət axtarışına çıxan azərbaycanlıların müvafiq təbliğat kurslarına cəlb olmaları şübhələri də meydana gəldi. Nəticədə hər iki məsciddə yoxlamaların aparılacağı bildirildi. Bu perspektiv isə bəzilərinin ürəyincə olmadı, başladılar canfəşanlıq etməyə ki, bəs “biz aydan arı, sudan duruyuq”. Burda deyiblər ki, “soğan yeməmisən, için niyə göynəyir?” Hər şey qaydasındadırsa, hər şey qanunlar çərçivəsindədirsə, o zaman bu təlaş nəyə gərək? Bəlkə də bu əttökən və bayağı özünəbəraət kampaniyasına elə də diqqət yetirməzdik. Əgər… Əgər bu kampaniyanı həyata keçirənlər faktiki olaraq özlərini ifşa etməsəydilər və “od olmayan yerdən tüstü çıxmaz” deyimini öz əməlləri ilə növbəti dəfə təsdiqləməsəydilər.
Təkzib yox, etiraf
“Ləzgi” məscidinin axundu Ramin Həmzəyev yerli saytların birinə müsahibə verib. Öz aləmində ona və rəhbərlik etdiyi məscidə qarşı yönələn ittihamları təkzib edib. Amma əslində bir daha sübut edib ki, həyəcan təbili tam zamanında, bəlkə də hələ gec çalınıb. Bu iddiamızı sübut etmək üçün R.Həmzəyevin müsahibəsindən bəzi sitatlara nəzər salaq.
“Fitilyandıran”
“Ləzgilər” məscidinin axundunun bu iddiasına diqqət yetirək: “Suriyadakı müharibə beynəlxalq qanun çərçivəsində getmir. Bu, şiələrlə əhli-sünnələrin müharibəsidir. Məsələn, cənazələrin Azərbaycana gəlməsi də iki kəsim arasında gərginlik yarada bilər. Bütün tərəflər fikirləşir ki, mənim oğlumu kim öldürdü? Bir tərəf “sünnilər” deyə fikirləşir, bir tərəf şiələr”. Zərrə qədər düşüncəsi, dünyagörüşü olan insan R.Həmzəyevin hansı nöqtəyə vurduğunu çox asanlıqla anlayar. Azərbaycanda əsirlər boyu sünnilər və şiələr çiyin-çiyinə yaşayıblar, birgə ailələr qurulub. Heç zaman da aralarında problem yaranmayıb. Əslində, yarana da bilməz. İslami dəyərləri qəlbində yaşadan və İslam əsasında həyatını tənzimləyən toplumlar arasında hansı səbəbdən problem yaşanmalıdır ki? Yaşanmayıb, Allahın lütfü ilə yaşanmayacaq da. Şiə sünninin, sünni də şiənin qardaşıdır. Radikal düşüncəli təkfirçilər isə nəinki şiələrin, nəinki sünnilərin, nəinki cəmi müsəlmanların, ümumiyyətlə bəşəriyyətin düşmənləridirlər!
Eyni sözləri Suriya haqqında da demək olar. Uzun illər hazırda qan gölünə çevrilən Suriyada da məzhəblər arasında heç bir problem yaşanmayıb. Ta o vaxta qədər ki, radikal təkfirçilər burda nifrət toxumu səpiblər. Amma bu gün də Suriyada sünni-şiə davası getmir. Mənzərə heç də aranı qarışdırmağa cəhd edən axundun dediyi kimi deyil. Bu gün Suriyada radikal başkəsənlərlə sünni-şiə-xristian ordusu üz-üzə dayanıb. R.Həmzəyev bundan bixəbər ola bilməz. Bəs elə isə ortaya atdığı iddia nəyə, kimə xidmət edir? Belə düşüncə tərzinə malik insanın minbərə çıxıb xütbə söyləməsi nə dərəcədə düzgündür? Aranı qarışdır, cəmiyyətdə nifrət toxumunu səp, sonra da müxbirin gənclərin Suriyaya yollanmasına dair sualına “Şəxsən mənim tanıdığım adamlar vardı, dünyalarını dəyişəndən sonra bilmişəm ki, onlar Suriyada olub” cavab ver? Zatən heç kim iddia da etmirdi ki Suriyaya gedənlərə mərkəzləşdirilmiş şəkildə “Aşur” məscidindən göndəriş verilir. Söhbət “fitili yandıran”dan gedir. Axund müsahibəsində deyir: “Biri baxır Yutuba, görür ki, qadınları zorlayırlar. İnsanları yandırırlar, heç kəs bu haqsızlığa dözə bilməz… Bəşər Əsəd əsgərlərinin uşaqların üstünə benzin töküb yandırmasına baxan adamlar bu səhnələri görəndən sonra qala bilmir”. Bu “fitil yandırmaq” deyil, bəs nədir? Aləmi qat bir-birinə, sonra da de “dünyalarını dəyişəndən sonra bilmişəm”. Əcəb işdir, vallah…
Gözü “görməyən” axund
Ramin Həmzəyev jurnalistin suallarını cavablandırarkən daxilindəki hikkəni və nifrəti nə qədər cilovlamağa cəhd göstərsə də, bunun öhdəsindən çox pis gəlib. Baxın dediklərinə: “Bizim üstümüzə şər atıb, “gəncləri Suriyaya göndərirlər” deyən kimlərdir? Siğə əhli”. Desək ki, bu insanın İslam əxlaqından qəti xəbəri yoxdur, yəqin yanılmarıq. Tanımadığı, üzlərini görmədiyi insanlar haqqında necə də asanlıqla qərar çıxarır! Necə də tanış gəlir bu üsul! Necə də Suriyadan izlədiyimiz damarlarda qandonduran mənzərələri xatırladır: “Nuseyrisən! Şiəsən! Kafirsən! Kəsin başını!”. Amma aşkar yalan danışan bir kimsədən qeyri nəsə gözləməkmi olar? Axund iddia edir: “Bir dənə sünni göstərə bilməzsiniz ki, o, Əsəd tərəfdarı olsun”. İnsan nə qədər Allahsız olmalıdır ki, belə bir iddianı irəli sürsün! İnternet resursları Xanım Zeynəbin məqbərəsinin müdafiəsi zamanı şəhid olan sünni döyüşçülərin görüntüləri ilə doludur. Amma Ramin onları “görmür”. Sərf eləmir görmək. Və elə görməməzliyini rəhbər tutaraq minbərdən camaata xitab edir. Nəticəsi isə göz qabağındadır.
“Elm çeşməsi”
Amma bu hələ son deyil. Axund öz maskasını yırtmaqda davam edib: “...dini olduğu kimi təqdim edən də Mədinə tələbələridir. Şiənin də, hənəfinin də dini səviyyəsini bilirik... Ən güclü elm sahibləri sələfilərdir”. Vəssalam. Nəhayət ki, Ramin etiraf edib: şiə və sünnilər onun üçün eyni sifətdədirlər. Özü də hamısı nadan, savadsız, elmsiz. Sən demə ən elmlisi Ramindir. Heç hənəfilərlə şiələrin xəbəri yox! Yoxsa hamısı tökülüb gələrdilər “Aşur” məscidinə elm ardınca.
Zəruri dua
Sonda isə R.Həmzəyevdən daha bir sitat və bu sitatdan doğan dua. Sitat belədir: “Dövlət bacardığı qədər qadağa qoyacaq, amma keçib üçüncü ölkədən gedəcəklər. Azərbaycanda dinin düzgün təbliğatına zəmin yaradılmalıdır. İnsanlar ağı-qaradan seçməyi bilməlidir.” Dua isə belə: “Allahım! Öz lütfün və inayətinlə Azərbaycanımızı fitnəkarlardan qoru! İnsanlarımıza sağlam düşüncə bəxş et! Onlara həqiqi İslam dəyərlərini anlamağa yardım et! Sabitliyi və əminamanlığı pozmağa cəhd edənləri, müsəlmanlar arasında təfriqə salmaq istəyənləri layiqli cəzalarına çatdır!”.
P.S. “Hamam hamam içində,
xəlbir saman içində,
dəvə dəlləklik eylər,
köhnə hamam içində”.
P.P.S. Eeeehhhhh...
Vüsal Əliyev