Həzrət Əlinin (ə) qılıncı Zülfiqar hansı xüsusiyyətlərə malik olub və indi bu qılınc haradadır? İstanbulun Topqapı muzeyindəki Zülfiqar əsildirmi?
Zülfiqarın uzunluğu yeddi, eni bir qarış idi. Geniş yayılmış təsəvvürün əksinə olaraq, Zülfiqar ikitiyəli, haça uclu deyildi. Onun tiyəsinin hər iki tərəfi iti idi. Yəni bu qılıncla deşici zərbə vuranda hər iki istiqamətdə yara əmələ gətirirdi ki, bu da silahın öldürücü gücünü artırırdı.
Zülfiqarın mənşəyi haqqında rəvayətlər fərqlidir. Bəzi mənbələrə görə, onu bir nəfər Peyğəmbərə hədiyyə vermişdi. Bəzi rəvayətlərə görə, Yəməndəki bir bütü dağıtdıqdan sonra bütün altındakı poladdan Zülfiqarı düzəltmişdilər. Daha bir məlumata görə, Zülfiqar Məkkə müşriklərindən birinə mənsub idi. Bədr döyüşündə Həzrət Əli (ə) onu öldürüb qılıncı qənimət olaraq Peyğəmbərə təhvil vermiş, O da Ühüd savaşında İmam Əliyə (ə) bağışlamışdı. Ühüd savaşı günü Peyğəmbər belə buyurmuşdu: “Əlidən başqa igid, Zülfiqardan başqa qılınc yoxdur”.
Bir çoxlarının fikrincə, İstanbulun Topqapı sarayında saxlanılan qılınclardan biri də Zülfiqardır. Amma şiə mənbələrində göstərilir ki, Zülfiqar imamlara nəsildən-nəslə keçmişdir və hal-hazırda XII imam Mehdidədir (ə). Mehdinin (ə) zühur əlamətlərindən biri də Zülfiqara sahib olmasıdır.
İslam.az