Həzrət Muhəmməd Peyğəmbərin (s) vəfat tarixi barədə dini mənbələrdəki məlumatlar eynidirmi?
Həzrət Muhəmməd Peyğəmbərin (s) hicri 11-ci ildə vəfat etməsi barədə heç bir fikir ayrılığı yoxdur. Həmçinin, həmin günün bazar ertəsi olması da əksər mənbələrdə göstərilib. Amma vəfat tarixinin dəqiq günü barədə məlumatlar eyni deyil. Əsasən, şiə yönümlü kitablarda səfər ayının 28-i qeyd edilir. (Peyğəmbərdən 39 il sonra həmin tarixdə İmam Həsən (s) də şəhid edilmişdir). Əhli-sünnə məzhəbinin üstünlük verdiyi nəzəriyyə isə rəbiül-əvvəl ayının 12-ni göstərir. Bəzi alimlər hesablama apararaq, rəbiül-əvvəl ayının 12-nin bazar ertəsinə təsadüf etmədiyini aydınlaşdırmış, ona görə də mümkün ehtimallara görə rəbiül-əvvəl ayının 1-i, 2-si və ya 13-nü qəbul etmişlər. Qeyd edək ki, əhli-sünnə məzhəbində Peyğəmbərin doğum günü də rəbiül-əvvəl ayının 12-si götürülür, amma şiə məzhəbində rəbiül-əvvəl ayının 17-si əsas sayılır.
İslam.az