Kərbəla faciəsi elə bir hadisədir ki, inancından və məzhəbindən asılı olmayaraq hər bir vicdanlı insan Peyğəmbərin (s) əziz nəvəsi və tərəfdarlarının qətlini ürək ağrısı ilə xatırlayır, imam Hüseyn (ə) və digər şəhidlərin qatillərinə lənət oxuyur. Bu gün dəyərli oxucularımıza ilahiyyatçı Əlixan Musayevin Aşura faciəsi haqqında məqaləsini təqdim edirik.
Aşura günü
Aşura günü – Muhərrəm ayının 10-u – Peyğəmbərimizin (s) əziz və reyhanqoxulu nəvəsi, hər bir müsəlmanın çox sevdiyi İmam Hüseyn əleyhissəlam Allah yolunda şəhid olmuşdur. İmam Hüseynin (ə) başına gəlmiş bu müsibət İslam tarixinin ən kədərli hadisələrindən biridir. Bu xüsusda böyük tabiinlərdən olmuş İbn Sirin demişdir: “Yəhya[1] əleyhissəlamdan sonra göylər Hüseyndən başqa heç kəsin ölümünə ağlamamışdır.”[2] Bu hadisə həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlanmaq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn (ə) da məhz belə düşünüb və belə yaşayan insanlardan olmuşdur. Onu sevən insanlar da onun kimi dinə layiqincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdırlar.
Bu faciə barədə İbn Teymiyyə belə demişdir: “Hüseyn ibn Əli Aşura günü qətlə yetirilmişdir. Onu, həddini aşmış zalım bir tayfa qətlə yetirmişdir. Allah Həmzəyə, Cəfərə, Əli ibn Əbu Talibə və digərilərinə şəhidlik nəsib edib onların hörmətini ucaltdığı kimi, Hüseynə də şəhid olmağı nəsib edib onun hörmətini ucaltmışdır. Uca Allah bu minvalla onun məqamını və dərəcəsini yüksəltmişdir. O da, qardaşı Həsən də Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Əlbəttə ki, yüksək məqama ancaq sınaqlardan keçə-keçə nail olmaq olar. Peyğəmbərdən (s): “İnsanlardan ən çox kimlər sınağa çəkilir?”- deyə soruşduqda o demişdir: “İnsanlar arasında ən çox sınağa çəkilənlər peyğəmbərlər, sonra əməlisalehlər, sonra da əməllərində onlara oxşayanlardır. Hər kəs imanına görə sınağa çəkilər. Əgər adam dinində möhkəm olarsa, əlbəttə ki, başına gələn müsibətlər də çoxalar. Yox əgər zəif olarsa, onda imanına görə imtahana çəkilər. Möminin xətaları azaldıqca başına gələn müsibətlər də artar...”[3]
“Aşura günü Allah Hüseynə (ə) şəhid olmağı nəsib etməklə onun hörmətini ucaltmış, onu qətlə yetirənləri, habelə bu işdə onlara köməklik göstərənləri və bundan məmnun qalanları isə alçaltmışdır. Hüseyn möminlərə gözəl nümunə olmuşdur. O da, qardaşı Həsən də Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Həsən və Hüseyn İslam izzəti altında tərbiyə almış, üstəlik Uca Allah Peyğəmbərin (s) bu iki nəvəsini daha yüksəklərə ucaltmaq üçün onlara şəhid olmağı nəsib etmişdir. Hüseynin qətlə yetirilməsi, həqiqətən də, böyük bir müsibətdir...”[4]
Həqiqətən də, insanın dünyada ikən, qulağı eşidə-eşidə Allahın Peyğəmbəri (s) tərəfindən Cənnətlə müjdələnməsi böyük uğur və əvəzolunmaz bir nemətdir. Bu isə ancaq müstəsna insanlara nəsib olmuşdur. Peyğəmbərin (s) sevimli nəvəsi Hüseyn də belələrindən olmuşdur. Xoş onun halına! Bir dəfə Peyğəmbər (s) Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.”[5]
İmam Hüseyn (ə) hələ körpə ikən onun Kərbəlada şəhid olacağı barədə Peyğəmbərə (s) xəbər verilmişdi. Ənəs ibn Malikin rəvayət etdiyi hədisdə deyilir ki, bir dəfə yağış mələyi Peyğəmbərin (s) yanına gəlmək üçün izn istədi və Peyğəmbər (s) öz zövcəsinə: “Ey Ummu Sələmə, heç kəsi yanıma buraxma!”- deyə buyurdu. Bu vaxt Hüseyn qaça-qaça gəlib Peyğəmbərin (s) qucağına hoppandı və atılıb-düşməyə başladı. Peyğəmbər (s) onu bağrına basıb öpdü. Onda mələk soruşdu: “Sən onu sevirsən?” Peyğəmbər (s): “Bəli!”- deyə cavab verdi. Mələk dedi: “Təəssüf ki, sənin ümmətin onu qətlə yetirəcək. İstəyirsənsə, onun qətlə yetiriləcəyi yeri sənə göstərim.” Peyğəmbər (s): “Bəli!”- deyə cavab verdikdə, mələk ona qırmızı torpağı göstərdi.” Sabit əl-Bunani demişdir: “O yer Kərbəla idi.”[6]
İmam Hüseyn (ə) Allah yolunda şəhid olmuşdur. Şəhidlər haqqında isə Uca Allah Qurani Kərimdə belə buyurur: “Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər, özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər”[7]
Kərbəla faciəsi
Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət[8] etmədiyindən xəbər tutduqda Hüseynin (ə) yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını yox, məhz Əlini (ə) və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə (ə) beş yüzdən artıq məktub gəlmişdi. Belə olduqda həzrəti Hüseyn işləri yoluna qoymaq, bu haqda ona ətraflı məlumat göndərmək məqsədilə öz əmisi oğlu Muslim ibn Əqili onların yanına göndərdi. Muslim ibn Əqil dostları – Abdurrəhman ibn Abdullah əl-Ərhəbi, Qeys ibn Mishər əs-Səydavi və İmarə ibn Ubeyd əs-Səluli ilə birlikdə Kufəyə yollandı. Mədinəyə yetişdikdə Muslim özlərinə iki bələdçi tutdu. Yolda üzləşdikləri çətinliklərdən dolayı Muslim Hüseynə (ə) məktub yazıb geri qayıtmaq üçün izn istədi, lakin Hüseyn (ə) buna razılıq vermədi və israr edib ondan Kufəyə getməyini tələb etdi.[9] Muslim Kufəyə gəlib çatdıqda Muxtar ibn Əbu Ubeydin evində qonaq qaldı. Lakin ibn Ziyadın Kufəyə gəldiyini eşitdikdə Hani ibn Urvanın evinə getdi. Nəhayət, Muslim camaatın Hüseynə (ə) beyət etmək istədiyini yəqin etdi. Beləliklə, on iki min nəfər Hüseynə (ə) sadiq qalacaqlarını bildirmək məqsədilə Hani ibn Urvanın evində Muslimə beyət etdilər. Beyətdən sonra Muslim ibn Əqil Hüseynə (ə) məktub göndərdi. Məktubda deyilirdi: “Bunlar yalan danışmırlar. Kufəlilərin hamısı sənin tərəfindədir. Məktubum sənə çatan kimi durma gəl!” Bu sözlərdən sonra Hüseyn (ə) Kufə əhlinə belə bir məktub yazdı: “Mən əhli-beytimdən etibar elədiyim əmim oğlunu sizin yanınıza göndərmişdim ki, sizin fikrinizi öyrənib mənə bir xəbər yollasın. O da sizin eyni fikirdə olduğunuzu mənə bildirdi. İnşallah mən də sizə qovuşacağam.”[10]
Bu beyətdən xəbər tutan Kufə valisi Nomən ibn Bəşir əl-Ənsari vəziyyətin gərginləşəcəyini başa düşdü və camaatın qarşısına çıxıb belə bir xütbə verdi:
– Allahdan qorxun, ey Allahın qulları! Fitnə-fəsad törətməkdən və firqələrə bölünməkdən çəkinin! Çünki belə hadisələrdə kişilər öldürülür, qan su yerinə axır və kimlərinsə varı-dövləti qəsb edilir. Mənə gəlincə, bilin ki, mənə qarşı vuruşmayanlarla mən vuruşmayacağam, mənə hücum etməyənə mən hücum etməyəcəyəm. Habelə sizinlə dilləşməyəcəyəm və sizə sataşmayacağam. Həmçinin heç kəsə nifrət bəsləməyəcəyəm, heç kəsin barəsində pis zənn etməyəcəyəm və heç kəsi ittiham etməyəcəyəm. Yox əgər mənə pis münasibət göstərsəniz, beyətdən boyun qaçırsanız və əmirə müxalif olsanız, bilin ki, Özündən başqa məbud olmayan Allaha and olsun ki, qılıncımı götürüb son nəfəsədək sizinlə vuruşacağam.”[11]
Əməvilərdən Abdullah ibn Muslim əl-Hədrəmi bu xütbəni eşidəndən sonra Nomən ibn Bəşirin yanına gəlib ona etirazını bildirdi və dedi: “Belə xütbə iradəsi zəif olanlara məxsusdur. Sən onlara öz gücünü göstərməlisən”. Lakin Nomən ibn Bəşir onun bu təklifini rədd etdi.[12]
Nomənin bu mövqeyi Yezidin xoşuna gəlmədi və onu tutduğu vəzifədən azad etdi, yerinə də Ubeydullah ibn Ziyadı təyin etdi, üstəlik ona belə bir məktub yazdı: “Adamlarım mənə xəbər göndərmişlər ki, ibn Əqil Kufədə camaatı başına yığmış və müsəlmanları parçalamaq fikrinə düşmüşdür. Məktubum sənə çatan kimi Kufə əhlinin yanına get və onlardan ibn Əqili sənə təslim etməyi tələb et. Onun qarşısını almaq üçün əlindən gələni et....”[13] Məktub ibn Ziyada çatan kimi o, qardaşı Osmanı öz yerinə (Bəsrəyə) vali təyin etdi, sonra da özü ilə bir dəstə adam götürüb Kufəyə yollandı.[14] Ubeydullah ibn Ziyad Kufəyə gəldikdən sonra öz casuslarını hər tərəfə yollayıb Muslim ibn Əqil barəsində xəbər toplamağa başladı. O, Şam əhlindən olan Məqəl adlı birisinə üç min dirhəm verib dedi: “Al bu pulu, get Muslim ibn Əqili tap!” Məqəl pulu götürüb məscidə gedib Müslimi camaatdan soruşmağa başladı. Nəhayət, o, Muslim ibn Əqili tapdı və onun məclisində iştirak etmək ona müyəssər oldu. O, axşama qədər məclisdə oturub oradakı söhbətləri dinlədi, sonra da Ubeydullah ibn Ziyadın yanına gedib onların məqsədlərini ona bildirdi. Beləliklə, ibn Ziyad Muslimin Hani ibn Urvanın evində qaldığını, öz tərəfdarları ilə məhz orada yığışdıqlarını öyrəndi.[15] Bundan sonra ibn Ziyad Muhəmməd ibn Əşəsi və Əsma ibn Xaricəni yanına çağırıb onlardan Hani barədə xəbər aldı. Sonra onlardan Hanini onun yanına gətirməyi tələb etdi. Onlar da Haninin yanına gedib onu ibn Ziyadın yanına gətirdilər. İbn Ziyad onu görəndə dedi: “Sən Muslim ibn Əqili öz evinə gətirmisən, üstəlik camaatı da ora yığmısan ki, ona beyət etsinlər?!” Hani əvvəl dedi ki: “Mən belə bir iş tutmamışam və bunlardan xəbərim yoxdur”. Onda ibn Ziyad Məqəli çağırtdırdı. Məqəl onun yanına daxil olduqda ibn Ziyad Haniyə dedi: “Bunu tanıyırsan?” Hani bu adamın casus olduğunu anladıqda ibn Ziyada dedi: “Düz deyirsiniz, ya əmir. Amma mən Muslimi evimə dəvət etməmişdim, onun hansı yolla mənim evimə gəldiyindən də xəbərim yoxdur. İzn ver gedim onu evimdən çıxardım!” İbn Ziyad dedi: “Xeyr, sən onu mənim yanıma gətirməlisən.” Hani dedi: “Qonağımı sənə təslim etmək mənə yaraşarmı? Vallahi, mən bunu etməyəcəyəm”. İbn Ziyad əlindəki ağacla Haninin üzünə vurdu və onun üz-gözünü al-qana boyadı, sonra da onu zindana atdırdı.[16]
Muslim ibn Əqil Haninin ələ keçdiyindən xəbər tutduqda beyət edən adamların hamısını bir yerə topladı. Bu minvalla kufəlilərdən dörd min nəfər onun ətrafına toplaşdı. Muslim dörd minlik ordu ilə ibn Ziyadın qəsrinə yaxınlaşdı və onu mühasirəyə aldı. Bundan xəbər tutan Ubeydullah ibn Ziyad kufəlilərin ziyalılarını onların qarşısına çıxartdı. Ziyalılar onları Şam ordusu ilə qorxutmağa başladılar, üstəlik şirnikləndirdilər də. Hətta beyət edənlərin qadınları da məsələyə müdaxilə edib Muslimdən uzaq durmağı onlara nəsihət edirdilər. Bu təhdidlərdən və vədlərdən sonra camaat Muslimin ətrafından dağılışıb getməyə başladı və axırda onun yanında cəmi üç yüz nəfər adam qaldı. Günbatana yaxın isə artıq Muslim ibn Əqil tək qalmışdı.[17] Bundan sonra Muslim ibn Əqil bir qadının evində sığınacaq tapdı. Lakin qadının oğlunun xəyanəti nəticəsində onun yerini ibn Ziyad bildi. İbn Ziyad da öz adamlarını onun dalınca göndərdi. İbn Ziyadın adamları Muslimi tutub aparanda o ağlamağa başladı. İbn Ziyadın adamları ona: “Sənin kimi adam gərək ağlamasın”- deyəndə, Muslim dedi: “Vallahi, mən özümə görə ağlamıram. Mən Kufəyə üz tutmuş Hüseynə (ə) və onun əhli-beytinə görə ağlayıram”. Bunu deyəndən sonra Muslim Muhəmməd ibn Əşəsdən Hüseynə (ə) məktub göndərmək üçün izn istədi. Muhəmməd də İyas ibn Abbası yanına çağırıb Muslimin məktubunu Hüseynə çatdırmağı ona tapşırdı. Məktubda deyilirdi:
– (Ya Hüseyn!) Ailənlə birgə geri qayıt! Qoy kufəlilər səni aldatmasın! Çünki onlar sənə də, mənə də yalan söyləmişlər. Yalançının isə qəti qərarı ola bilməz!”[18]
Bundan sonra Muslimi ibn Ziyadın yanına gətirdilər və ibn Ziyad ona: “Mən səni edam edəcəyəm”- dedi. Muslim dedi: “Elə isə izn ver yaxınlarıma vəsiyyət edim.” İbn Ziyad ona izn verdikdən sonra o, ibn Ziyadın yanında oturan Ömər ibn Səd ibn Əbu Vəqqası bir kənara çəkib dedi: “Ey Ömər! Kufəlilərdən birisinə mənim yeddi yüz dirhəm borcum var, bunu ödəyə bilərsənsə, ödə.[19] Mən öləndən sonra meyidimi Hüseynə (ə) göndər...” Ömər onun dediklərini ibn Ziyada bildirdi və ibn Ziyad buna etiraz etmədi. Sonra Muslimi edam etmək üçün onu qəsrin kəlləsinə qaldırdılar. Qalxa-qalxa o, “Allahu Əkbər”,[20] “Lə ilahə illəllah”,[21] “Sübhanəllah”,[22] “Əstəğfirullah”[23] deyir və belə dua edirdi: “Allahım, bizimlə bizi aldadan və bizi qoyub qaçan tayfa arasında Sən Özün hökm ver!” Nəhayət, qəsrin kəlləsinə çatdıqda Bəkir ibn Həmran adlı birisi onun boynunu vurdu, başını bədənindən ayırdı. Beləliklə də, Ərafa günü Muslim ibn Əqili qətlə yetirdilər.[24]
Buna rəğmən sərtürəkli, əzazil, zalım ibn Ziyadın ürəyi soyumadı, üstəlik Hani ibn Urvanın qətlinə də hökm verdi. Hanini bazara gətirib qəbiləsinin gözü qabağında edam etdilər. Sonra hər ikisinin cəsədini bazarın girəcəyinə, insanların gözü önünə asdılar. Bundan sonra Muslimə kömək edən daha iki nəfəri də edam edib həmin yerdən asdılar.[25]
Hicrətin 60-cı ilində tərviyə günü (zilhiccənin 8-i) Hüseyn öz yaxınları və altmışa yaxın kufəli ilə Məkkədən yola düşdü. Onun bu fikrindən xəbər tutan Amr ibn Səid ibn As vəziyyətin gərginləşəcəyini başa düşüb öz adamlarını onun yanına göndərdi. Onlar Hüseyni (ə) bu fikirdən daşınmağa çağırsalar da, Hüseyn onların dediklərini qəbul etmədi. Nəhayət, Hüseyn əhli-beyti ilə birgə İraqa yollandı. Hüseyn Məkkədən çıxdıqdan sonra Mərvan ibn əl-Həkəm ibn Ziyada məktub yazdı. Məktubda deyilirdi:
– Hüseyn ibn Əli sənin yanına gəlir. Biləsən, o, Fatimənin oğlu Hüseyndir, Fatimə də Rəsulullahın qızıdır. Vallahi ki, Hüseyn bizim üçün hamıdan əzizdir. Bax, nəfsinə uyub elə iş tutmayasan ki, camaat sənə tənə vursun və gələcək nəsillər bundan danışsın. Vəssəlamu aleykum![26]
Amr ibn Səid ibn As da öz məktubunda ibn Ziyada belə nəsihət etmişdi:
– Hüseyn sənin yanına gəlir. Nəbadə onunla kobud rəftar edəsən.[27]
Hüseyn yolda Zatu İrq deyilən bir yerdə Fərəzdəq adlı məşhur şairə rast gəldi. Hüseyn ondan kufəlilərin barəsində soruşdu. Fərəzdəq ona kufəlilərin sözlərinin üstündə duran adamlar olmadıqlarını bildirdi. Hüseyn ona kufəlilərin yazdıqları məktubları göstərəndə Fərəzdəq dedi: “Onlar səni qoyub qaçacaqlar. Getmə ora! (Biləsən,) sən qəlbləri (zahirən) səninlə olan, əlləri isə sənin əleyhinə qalxacaq bir tayfanın yanına gedirsən.”[28]
Hüseynin Kufəyə gəlişindən xəbər tutmuş ibn Ziyad onun qarşısını almaq üçün tədbir görməyə başladı. Əvvəlcə öz tərəfdarlarını bir yerə yığdı. Sonra onlara Hüseyni dəstəkləyən hər kəsi tutub onun yanına gətirməyi əmr etdi. Belə etməklə ibn Ziyad Hüseynin kufəlilərlə bütün əlaqələrini kəsmək niyyətində idi.[29]
Hüseyn Haciz deyilən yerə gəlib çatdıqda kufəlilərə bir məktub yazdı və onu Qeys ibn Səydavi ilə Kufəyə yolladı. Lakin Qeys Qadisiyyəyə gəlib çatdıqda Huseyn ibn Təmim öz adamları ilə birgə onun qabağını kəsdilər və onu tutub ibn Ziyadın yanına göndərdilər. O da dərhal onu edam etdirdi.[30] Sonra Hüseyn başqa bir adamını Muslimin yanına göndərdi. İbn Ziyad onu da tutub öldürdü. Bədəvilər Hüseynə xəbər verdilər ki, ibn Ziyadın əsgərləri heç kəsi Kufəyə buraxmır və heç kəsə də Kufədən çıxmağa izn vermirlər. Nəhayət, o, Muslim ibn Əqilin və Hani ibn Urvanın öldürüldüyündən, üstəlik kufəlilərin ona xəyanət etdiklərindən xəbər tutduqda ətrafındakılara dedi: “Kim çıxıb getmək istəyirsə, qoy getsin”. Kufəlilər o saat dağılışıb getdilər, yanında qalanlar isə ona dedilər: “Səni and veririk Allaha, qayıt geri. Kufədə heç kəs sənə kömək etməyəcək, heç kəs səni dəstəkləməyəcək, əksinə, qorxuruq onlar sənin əleyhinə çıxsınlar.”[31]
Hüseyn hələ yola düşmək istəyərkən bəzi səhabələr və yaxınları ona Məkkədən çıxmamağı nəsihət etmişdilər.
İbn Ömər, İbn Abbas, Abdulla ibn Zubeyr, Əbu Səid Xüdri, qardaşı Məhəmməd Hənəfiyyə, əmisi oğlu Abdulla ibn Cəfər ibn Əbu Talib, Əbu Bəkr ibn Abdurrəhman ibn əl-Haris, Abdullah ibn Muti və başqaları İmam Hüseyni kufəlilərə etibar etməməyə, Kufəyə getməməyə çağırırdılar.
Lakin imam Hüseyn düşünürdü ki, əməvilər Allahın hökmü ilə hökm etməmiş, Peyğəmbərə müxalif olmuş və raşidi xəlifələrin yolundan kənara çıxmış, şura ilə deyil, varisliklə hakimiyyətə gəlmişlər. Düşünürdü ki, bu işi həll etmək onun borcudur və o, bu məsələdə susmamalı, haqqı deməlidir. Düşünürdü ki, kufəliləri başına yığsa haqq-ədaləti bərqərar edəcək. Bütün bunlardan belə nəticə çıxır ki, imam Hüseyn hakimiyyətə qarşı çıxmamış, əksinə, buraxılan səhvləri düzəltmək istəmişdir. Allah da düz yolda olanları və düzgünlüyə can atanları ucaltmış, onları dillər əzbəri etmiş və onlara Cənnəti nəsib etmişdir, zalımları isə alçaldıb müsibətlərə düçar etmişdir.
Hüseyn öz yaxınları ilə birlikdə gəlib Şərafa çatdıqda Hur ibn Yezidin başçılıq etdiyi min atlı ilə qarşılaşdı. Hüseyn Hurdan geri qayıtmağı xahiş etdi. Lakin Hur əmrə tabe olduğunu bildirdi və onlara Kufəyə getməyi buyurdu. Hüseyn bundan imtina edib Şama üz tutdu. Hur onları müşayiət etdi.
Onlar Kərbəlaya yetişdikdə Ömər ibn Sədin, Şimr ibn zil-Cövşənin və Huseyn ibn Təmimin başçılıq etdiyi dörd minlik ordu ilə qarşılaşdılar. Əslində, bu ordu deyləmlərə[32] qarşı təchiz edilmişdi, lakin sonradan ibn Ziyad Ömərə xəbər göndərib ordunu Hüseynə qarşı çevirməyi əmr etmişdi. Əvvəlcə Ömər bundan imtina etmiş, lakin ibn Ziyad ona hədə-qorxu gəldikdən, evini yandıracağını, özünü də edam etdirəcəyini söylədikdən sonra Ömər əmrə tabe olub onun buyruğunu yerinə yetirmişdi.[33] Nəhayət, Hüseyn Taf deyilən yerə çatdıqda Ömərin ordusu onları mühasirəyə aldı. Hüseyn ordunun onlara xətər toxunduracağını hiss etdikdə onlara üç şeydən birini seçməyi təklif etdi; ya onu Yezidin yanına aparsınlar, ya Məkkəyə qayıtmağa imkan versinlər, ya da müsəlmanların qaldığı istehkamlardan birində qərar tutsun.[34] İbn Ziyad az qalmışdı ki, Hüseynin bu təklifini qəbul edib onu Yezidin yanına göndərsin, lakin Şimr ibn zil-Cövşən buna etirazını bildirib dedi: “Xeyr! Gərək o, sənin hökmünü qəbul etsin.” Bu xəbər Hüseynə çatdıqda o dedi: “Xeyr, vallahi, mən heç vaxt ibn Ziyadın hakimiyyətini qəbul edən deyiləm”. Sonra o, yanındakılara: “Siz azadsınız, gedə bilərsiniz”- dedi, onlar isə ona Allah yolunda şəhid olanadək vuruşacaqlarını bildirdilər. [35]
(İbn Ziyadın sərkərdələrindən olan) Hur ibn Yezid Şimrin etirazından xəbər tutduqda dedi: “Axı, niyə bunların təklifini qəbul etmirsiniz?! Vallahi ki, əgər türklər və ya deyləmlər sizə belə bir təklif etsəydilər, çarəsiz qalıb onu qəbul edərdiniz.” Onlar (Hurrun sözlərinə) məhəl qoymayıb Hüseyndən ibn Ziyadın hakimiyyətinə boyun əyməyi tələb etdilər. Onda Hur atını sürüb Hüseynin və onun tərəfdarlarının yanına gəldi. Hamı onun onlarla vuruşacağını güman edirdi. Lakin Hur onlara yaxınlaşdıqda qalxanını tərsinə çevirib onlara salam verdi və əks hucuma keçib ibn Ziyadın adamları ilə döyüşməyə başladı. Hur onlardan iki nəfəri öldürdükdən sonra özü də şəhid oldu. Allah ona rəhmət eləsin![36]
Bu döyüşdə Hüseynin tərəfdarlarının hamısı onu müdafiə edərək şəhid oldu. Allah onların hamısından razı olsun! Axırda imam Hüseyn tək qaldı. (Bu yaşında) o çox şücaətlə vuruşurdu. Lakin çoxluq ona qalib gəldi. Kufəlilərdən hər kəs istəyirdi ki, onu başqa birisi qətlə yetirsin, heç kəs cürət edib Peyğəmbərin nəvəsinə yaxınlaşmırdı. Nəhayət, Şimr bağırdı: “Vay sizin halınıza! Nə gözləyirsiniz?!” Onda Sinan ibn Ənəs ən-Nəxəi əlindəki nizəni əvvəlcə Hüseynin boğazına, sonra da köksünə sancdı. Hüseyn yerə yıxıldıqdan sonra onlar onu əhatəyə alıb qanına qəltan etdilər və başını bədənindən ayırdılar. Sonra onun başını ibn Ziyada göndərdilər. Allah onların hamısının cəzasını versin![37]
Onları hicrətin 61-ci ilində, aşura günü (Məhərrəm ayının 10-u) cümə günü qətlə yetirdilər. Hüseyn əleyhissəlam əlli altı yaşında şəhid oldu. Hüseynlə birgə bu döyüşdə yetmiş iki nəfər də şəhid oldu (bir çox mənbələrə görə isə 130 nəfərdən artıq – red.).
Əlbəttə ki, bu, çox kədərli və üzücü bir hadisədir. Heç şübhəsiz ki, Hüseyni və onun tərəfdarlarını qətlə yetirənlərin hamısı ziyana uğramış və Allahın qəzəbinə düçar olmuşlar. Hüseyn və onunla birlikdə vuruşanlar isə şəhid olmuş, Allahın rəhmətinə qovuşmuş və Onun razılığını qazanmışlar.[38] Allah onlara rəhmət eləsin!
İmam Hüseyn (ə) haqqında deyilən bəzi şeirlər
Haqqı deyən bu adam yolmuza nur saçırdı,
Kərbəlada vuruldu çölün düzündə qaldı.
Allah əcrini versin, ey Peyğəmbər nəvəsi,
Ziyana uğramayan, nəvələrin nəvəsi!
Sanki möhkəm dağ idin daldalanırdım sənə,
Sən qayğımı çəkirdin, din öyrədirdin mənə.
Sənsən yetimə baxan dilənçiyə pay verən,
Əl açan hər yoxsula himayədarlıq edən. [39]
Məhşərə gətrilərkən Hüseyni öldürənlər,
Nə üzlə babasından şəfaət diləyərlər?![40]
Bazarda Haninin boynun vurdular,[41]
Onu zəfəran tək qanına boyadılar.
Əzəldən, Peyğəmbərin davamçısıydı,
Həm comərd, həm də ki, çox məğrur idi.
Hüseynin hörməti yüksəlir ancaq,
Buna heyran qalır, hər yüksək, alçaq.
Şəhidliklə onun izzəti artdı,
Beləcə, bu igid kamına çatdı.[42]
Bax, qovuşdu Hüseyn, xeyirxahlara,
Həm mömin, həm də ki, pak insanlara.
Məsləkli[43] olmağı Hüseyndən öyrən,
Sən də Hüseyn tək comərd olginən.
Analardı doğan gün işığını,[44]
Qiymətli daş-qaşın parıltısını.[45]
Haşimini[46] tovlayıb hiylə qurdular,
Taf dedikləri yerdə onu vurdular.
Baxdım Peyğəmbərin, əhli-beytinə,
Acıdım onların aqibətinə.
Can-ciyərlərimiz, çox əzildilər,
Fəqət müsibətə sinə gərdilər.
Rahiblər[47] Allaha, ibadət etməz,
İbadət etsə də, xeyrini görməz.
Qeys[48] harınladı, həddini aşdı,
Bizə əl qaldırdı, bir az da azdı.
Qanımıza bulandı, zalımın əli,
Beləcə, puç oldu onun əməli.
Məgər görmürsən ki, torpaq zarıyır,
Hüseynin ölmünə, ellər ağlayır?[49]
Yəhya əleyhissəlam yüz iyirimi dörd min peyğəmbərdən biridir. Atası Zəkəriyya və xalası oğlu İsa da peyğəmbər olmuşdur.
Diqqət edin! Uhud döyüşündə Həmzəni t qətlə yetirən Vəhşi ibn Hərb əl-Həbəşi müsəlman olduqdan sonra tutduğu əməldən peşman olub üzrxahlıq diləmək üçün Peyğəmbərin r yanına gəlmişdi. Vəhşi hadisəni belə xatırlayır: “Peyğəmbər r məni görəndə soruşdu: “Vəhşi sənsənmi?” Mən: “Bəli!”– deyə cavab verdim. Soruşdu: “Həmzəni sənmi öldürmüsən?” Dedim: “Elədir ki var”. Peyğəmbər r dedi: “Sən elə edə bilərsənmi ki, mən heç vaxt sənin üzünü görməyim?” Onda mən (məyus halda) dönüb getdim...”