İmamların dedikləri özlərindəndir, yoxsa Peyğəmbərin buyruqlarını təkrar edirlər?
İmamların bütün elm və biliyi eyni bir mənbədən gəlir. Yəni onlar ilahi elmi bir-birindən irs olaraq almışlar. Hər imam özündən əvvəlkinin sözünü deyir. Birinci imam Həzrət Əlinin (ə) bütün elmi isə Peyğəmbərdən kəsb olunmuşdu. Əli (ə) özü buyururdu ki, Həzrət Mühəmməd Peyğəmbər (ə) onun üzünə min elmin qapısını açmışdı, hər qapıdan da daha min elm sahəsinə yol var idi. İmamların sözləri arasında bəzən fərqlər qarşımıza çıxsa, bu, o günün siyasi şəraitindən (təqiyyədən) və ya sual verənin səviyyəsindən asılıdır.
İmam Cəfər Sadiq (ə) buyurub ki, “Mənim hədisim atamın hədisidir. Atamın hədisi babamın (İmam Zeynül-abidinin) hədisidir. Babamın hədisi Hüseynin hədisidir. Hüseynin hədisi Həsənin hədisidir. Həsənin hədisi Əmirül-möminin Əlinin hədisidir. Əmirül-möminin Əlinin hədisi də Allah Rəsulunun hədisidir. Allah Rəsulunun hədisi isə izzətli və cəlallı Allahın sözüdür”. İmam Sadiq (ə) öz səhabəsi Zürarəyə buyurmuşdu ki, məndən hər nə eşidirsənsə, onu atamın dilindən də rəvayət edə bilərsən (hədislər “Üsulül-Kafi” kitabındandır).