Bu günlərdə Həcc ziyarətini başa vuran Xaçmaz şəhəri "Təzə şəhər məscidinin" imam xətibi Hacı Zaur Məmmədovun elektron poçtumuza daxil olan məktubunu təqdim edirik. Hacı Zaur Səudiyyə Ərəbistanına son səfəri ilə bağlı təəssüratlarını bölüşür.
İlk növbədə qeyd edim ki, bütün dünya müsəlmanları üçün bu il gerçəkləşəcək həcc mərasimi bir başqa önəm daşıyırdı. Dünyada, xüsusilə İslam aləmində sürətlə inkişaf edən siyasi və ictimai hadisələr bütün dünyanın nəzərini vəhyin diyarına çəkdi. Hamı kimi biz də bu həyəcanla yola düşdük və Allaha həmd olsun, müvəffəqiyyətlə başa vurduq. Bu ilki həcc mərasiminin tam təfərrüatı haqqında məlumatlar hər il olduğu kimi yəqin ki, bu il də ictimaiyyətin nəzərinə çatdırılacaqdır. Mənim toxunmaq istədiyim mövzu həcc mərasimi ilə tam bağlı olsa da, bir qədər fərqlidir. Nəzərə almalıyıq ki, Allah-Təalanın bütün müsəlmanlara ömürdə bir dəfə vacib etdiyi həcc ziyarəti ictimai bir ibadət və müsəlmanlar arasında vəhdət təşkil etməklə İslam düşmənlərinə veriləcək qəti cavabdan ibarətdir. Bu mərasimi təşkil edən tərəfin (yəni, S.Ərəbistanı) formalaşdıran düşüncə isə tam əksinə olaraq, İlahi vacibata çox da önəm verməyən və eyni zamanda, İslam dünyasında bir çox daxili çəkişmələrə imza atan baş faktorlardan biri olması həmin ibadətin keyfiyyətini sual altına salır. Bundan əlavə, burada iblisin (şeytanın) naümüd olduğu nöqtələrə həssas yanaşılması tam başqa bir müəmmadır. Belə ki, bu torpaqları dolaşarkən vurğuladığımız məqamlara tez-tez rast gəlinir. Mümkündür ki, bəzi insanlar bu mövzulara çox da önəm vermir və yaxud ümumiyyətlə fərqinə varmırlar. Fərqinə varan müəyyən kütlələr də var ki, əhəmiyyətini dərk etmirlər. Hicaz bölgəsində adını tarixə salmış ibadətgah və məscidlərin az qala hər birində bu kimi acı həqiqətlərlə, demək olar, hər addım başı üzləşildiyinə baxmayaraq, nümunə üçün yalnız üç nöqtəyə işarə etməklə xülasələşdirmək istərdim.
1. Kəbə evinin kənarında yerləşən “İbrahim məqamı”.

Allah Təala Quran Kərimdə buyurur: “İbrahim məqamından (arxasından) namaz üçün bir yer seçin...” (Bəqərə-125) Rəvayətlərə görə, Həzrət İbrahim (ə) Kəbə evininin kənarında bir qaya parçasının üzərinə çıxaraq bütün bəşəriyyəti həmin məkana dəvət etmişdir. Həmin dəvət əsnasında o Həzrətin iki ayağı da həmin qaya parçasına batmış və bu günə kimi onun izi qalmışdır. Təəccüb doğuran tərəf burasıdır ki, Quranda açıq-aşkar arxasında təvaf namazı qılnması haqqında ayənin olmasına baxmayaraq, Məscildul-həramin sələfi nəzarətçiləri müsəlmanlara hətta ona baxmağı belə qadağan ediblər. Təbərrük məqsədi ilə həmin məqama yaxınlaşan müsəlmanlara qarşı sərt reaksiya verilir. Şeytani qüvvələrin güc sahibi olduqları bir dövrlərdə Hz.İbrahimin (ə) təkbaşına apardığı mübarizə və bəşəriyyətə verdiyi ismarıc həmin mənfur qüvvələri məyus etdi. Belə ki, Allah-Təalanın iradəsi ilə o məkan bütün şər və şeytani qüvvələrin təhlükəsindən sipər qərar verildi. Necə ki, həmin ayənin başlığında Allah-Təala buyurur: “Və (yadınıza salın) o zaman ki, Biz bu Evi (əzəmətli Kə’bəni) insanların dönüş yeri və əmin-amanlıq məkanı etdik” (Bəqərə, 125). Sual doğuran cəhət budur ki, niyə məhz şeytanın məyus olduğu bir məkanda bu işə vasitə olan məbədin ziyarəti sələfi əqidəsi tərəfindən “şirk ocağı” adlandırılmışdır?! Şeytanı qəzəbləndirən hansı amil bu kütlələri narahat edir?! Bu yerdə hörmətli ilahiyyatçı-alim Hacı Şahin Həsənlinin xütbələrində dəfələrlə qeyd etdiyi bu cümlə yadıma düşdü: “Pirlərin ziyarətini şirk hesab edənlər bilməlidirlər ki, Allah öz qüdrətindən bir nişanə olaraq ən böyük piri məhz tövhid evinin, yəni Kəbənin kənarında yerləşdirmişdir.” Doğrudan da çox düşündürücüdür ki, Allah-Təalanın tövhid evinin kənarında yerləşdırdiyi “İbrahim məqamı” niyə bu kütlələr tərəfindən şirk məkanı adlandırılmışdır?!
2. Nur dağı Hira mağarası.

Allah Təala buyurur: “Oxu! Yaradan Rəbbinin adı ilə” (Ələq, 1) Söhbət ilk dəfə yer üzərində İslam Peyğəmbərinə (s) vəhyin nazil olduğu bir məkandan gedir. Bütün bəşəriyyətə ilahi nurun yayıldığı bir məkan haqqında nəql edilən rəvayətlərə görə, şeytanın məyus olduğu və ümidsizliyə qapıldığı bir başqa məkan da həmin yerdir. Hətta bəzi nəqllərə görə, həmin vaxt İslam Peyğəmbəri (s) bir çığırtı eşitmiş və sonra bu səsin şeytanın səsi olduğunu öyrənmişdir. Təbii ki, həmin yer də dünyanın fərqli nöqtələrindən Məkkə şəhərinə gələn bütün müsəlmanlar tərəfindən ziyarət edilir. Lakin yenə nədənsə şeytanın ümidsizliyə uğradığı bir məkan yerli sələfiləri də narahat etməkdədir. Onlar həmin məkanı çox acınacaqlı bir hala salmış və ziyarətə gedənlərə ideoloji təsir göstərməyə çalışırlar. Vəhy ocağı müasir zamanda zibillliklərdən və üfunət qoxan kanalizasiyalardan fərqlənmir.

Vəziyyət elə bir həddə çatmışdır ki, həmin dağa qalxmağa çalışan hər bir ziyarətçinin əli, dəstmalı və yaxud müəyyən bir qoruyucu vasitə ilə ağzını tutması şərtdir. Sanki açıq nəfəslə o yerləri görmək qeyri-mümkün hala gəlmişdir. Belə bir natəmizliyin hökm sürdüyü bir yerdə zibil eşələyən meymunlar da bir tərəfdən zəvvarları narahat etməkdədir. İlahi nurun təcəlla etdiyi bir məkanda dolaşan vəhşi meymunlar əlindən yerə qoyan şəxsin hər hansı bir əşyasını oğurlaması, və yaxud qapıb qaçması adi bir hala çevrilmişdir. İnsanlar bəzən bu meymunlardan qorxduqları üçün həmin məkandan məhrum olurlar. Bütün bunlar azmış kimi, həmin ziyarətgahın yolu üstündə post qurmuş sələfi təriqətçiləri xalqı həmin yerin ziyarətindən yayındırmağa və bütün dillərə tərcümə etdikləri kitabçalarla o yerin şirk məkanı olduğunu anlatmağa çalışırlar. Əcəba ilahi nurun ocağı necə şirk məkanı ola bilər? Yenə də şeytann narahat olduğu bir məkanda bu kütlələri narahat edən xüsus nədir görəsən?
3. Üçüncü və bəlkə də əsas məkan Məscidul-həramın ətrafıdır.

Kəbənin ihtişamına xələl gətirmək məqsədi ilə ucaldılmış hündür mərtəbəli işıq saçan göydələnlər. Xüsusi ilə dünyada masson lojalarını təcəssüm etdirən tikiliş üslubu ilə ucaldılmış saat kompleksi. Həmin bina demək olar ki, dağlarla əhatə edilən Məkkə şəhərinin hər tərəfindən rahat görünür. Təsəvvür edin ki, həmin bina Londonda yerləşən “Big Ben”dən heç də fərqlənmir. Şərq üslubuna və məscid komplekslərinə ziddiyət təşkil edən xüsusi tikiliş formasına sahib olan bu bina Kəbənin lap yaxınında inşa edilmişdir. Onun cazibəli görünüşü və üzərində yerləşdirilmiş güclü işıqlandırma cihazları Kəbəni təvaf edənlərin nəzərini istər-istəməz cəlb etməkdədir. Binanın başında İslami rəmz olan hilalı əks etdirən aypara üzü yuxarı şəkildə yerləşdirilməklə iki buynuzlu bir əcaib məxluqu təsəvvürə gətirir. Bu haqda başqa bir maraqlı məqam budur ki, yaxın onilliklərə qədər Mina çölündə şeytanı daşlayan hacıların qarşılarında gördükləri masson lojasını xatırladan sütünlar artıq “Beytullah” (Allah evi) adlanan Kəbənin üzərində işıqlı bir binaya çevrilmişdir. Qeyd edək ki, “şeytan” adlanan həmin sutunların isə artıq köhnə vəziyyəti dəyişdirilmiş və düz divar halına gətirilmişdir. Bütün bunlarla yanaşı, hündürlüyü 601 metrə çatan bu binanın yuxarı mərtəbələrindən Kəbə evi kiçik bir qara nöqtə olaraq görünməkdədir. Maraqlıdır, görəsən Şeytanın simvolunu əks etdirən bu binanın Kəbə üzərində bu qədər üstünlük təşkil etməsi kimlərə və hansı məqsədə xidmət edir? Məncə, artıq müsəlmanların bu haqda düşünməsi və bu kütlələrdən sözügedən cinayətlərin hesabının sormasının zamanı gəlib çatmış, bəlkə keçmişdir.
Bir daha qeyd edim ki, bu, sadəcə müşahidə etdiklərimin cüzi bir hissəsidir. Mən hələ ki, Məscidul-həramın qədim memarlıq abidəsinin dağıladaraq təvaf olunan həyətinin kiçildilməsi, həyətin ortasında Kəbədən də hündürdə tikilmiş dairəvi körpünü, Məscidul-həramın yanında kral ailəsinin şəninə ucaldılmış sarayın tikilməsi üçün məşhur Əbu-Qubeys dağının dağıldımasını, İslam Peyğəmbərinin (s) doğulduğu ev kimi bir çox tarixi və mənəvi məkanların dağıdılaraq yerlə bir edilməsini, betonlanan mübarək məkanları, hər yerdə masson lojalarını əks etdirən “tək göz”, ”pramida” və “altı guşəli Davudun ulduzu”nu, Məscidun-Nəbinin mavzaley halına gətirilməsi, Bəqi qəbiristanlığı və Əhli-beyti (ə) xatırladan tiklililərin sökülməsini və sair bu kimi onlarla müşahidə etdiyim xüsusiyyətləri dilə gətirməyə luzum görmədim. Məncə elə bu qədəri müsəlmanların bir daha düşünməsi üçün kifayət edər. Hər halda, mən belə gördüm. Təbii ki, mənfi müstəvidə mənim görmədiyim və yaxud tam anlamadığım tərəflərin də olduğunu istisna etmirəm.
Zaur Məmmədov, Məkkə şəhəri, 19.10.2013