Heyz qüslündən sonra dəstəmaz almaq lazımdır ya yox?
Heyz qüslündən sonra dəstəmaz almaq lazımdır ya yox?
Bəli, heyz qüslü aldıqdan sonra namaz qılmaq üçün dəstəmaz almaq lazımdır. İstihazə, nifas, meyitə toxunmaq qüslü də beləcə. Təkcə cənabət qüslündən sonra nəinki dəstəmaz almağa ehtiyac yoxdur, hətta dəstəmaz almaq olmaz. Namazları cənabət qüslü ilə qılmaq lazımdır. Amma əgər cənabət qüslü alan zaman paklığı pozan əməl baş versə, yəni qüsl vaxtı insandan sidik ya mədə yeli çıxsa, ehtiyata görə qüslü təzədən almaq, sonra isə dəstəmaz almaq lazımdır. Bu hökmlərin hamısı həm kişilərə, həm də qadınlara aiddir.
Salamun aleykum!
Məqalədə qeyd olunur ki, cənabət qüslü alan zaman paklığı pozan əməl baş versə, ehtiyata görə qüslü təzədən almaq lazımdır. Ayətullah Məkarim Şirazinin risaləsində göstərilir ki,əgər qüsl zamanı “hədəsi-əsğər”, yə’ni dəstəmazı pozan bir iş baş verərsə bunun qüslə təsiri olmaz. Bununla bağlı Sizlərdən bir məsələyə aydınlıq gətirməyinizi rica edərdim: məqalədə qeyd olunan fikir hansısa mərceyi-təqlidin (və ya mərceyi-təqlidlərin) fitvasına əsaslanırmı? Yoxsa texniki yanlışlıq baş verib?
Əleykümüs-salam.
Qüsl zamanı hədəsi-əsğər baş versə qüslün hökmü barədə müctəhidlərin fətvalarını təqdim edirik.
Amma əvvəlcə bunu deyək ki, Ayətullahül-üzma Nasir Məkarim Şirazinin fətvasını düz bilmirsiniz, doğru fətvanı aşağıda yazırıq.
Ayətullahül-üzma Sistani
Qüslü tərk etməsi və yenidən qüsl etməsi lazım deyil, əksinə öz qüslünü tamamlaya bilər və bu halda ehtiyat-lazıma əsasən gərək dəstəmaz da alsın. Amma əgər niyyətini tərtibi qüsldən irtimasiyə və ya irtimasidən tərtibi qüslə çevirsə dəstəmaz almağı da lazım deyil.
Ayətullahül-üzma Musəvi Ərdəbili
Qüslü düzgündür, amma sоnrа namaz üçün dəstəmaz da almalıdır.
Ayətullahül-üzma Həkim
Qüslü tamamlamaq olar. Amma ehtiyati-müstəhəb budur ki, qüslü təzədən başlasın. Hər iki halda namaz üçün dəstəmaz da almalıdır.
Ayətullahül-üzma Vəhid Xorasani
Ehtiyati-vacibə görə, qüslü tamamlasın, sonra yenə qüsl alsın, üstündən dəstəmaz da alsın. Amma tərtibiqüsldən istimasi qüslə niyyət edib keçsə, cənabət qüslündən sonra dəstəmaz lazım deyil.
Ayətullahül-üzma Behcət
Qüslü başa vurmaq lazım deyil. Bəlkə öhdəsində olan vəzifəyə görə, qüslü yenidən başlasın, ehtiyata görə, namaz üçün dəstəmaz da alsın. Amma ehtiyat budur ki, qüslü əvvəldən təkrar etsin, namaz üçün də dəstəmaz alsın.
Ayətullahül-üzma Təbrizi
Gərək qüslü tamamlasın və dəstəmaz da alsın.
Ayətullahül-üzma Lənkərani
Qüslü tamamlayıb sonra dəstəmaz ala bilər. Amma daha yaxşısı budur ki, ehtiyata görə, öhdəsində olan vəzifə niyyəti ilə qüslü başdan yenidən alsın, bu halda dəstəmaz almaq da lazımdır.
Ayətullahül-üzmaXameneyi
Qüslü əvvəldən başlamaq lazım deyil, amma bu qüsllə namaz qılmaq da olmaz, dəstəmaz almaq lazımdır.
Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Ehtiyati-vacibə görə, qüslü yenidən alsın, namaz qılmaq və ya buna bənzər dəstəmaz tələb edən əməl üçün dəstəmaz da alsın.
P.S.
Göründüyü kimi, müctəhidlərin bir neçəsi bu məsələdə ehtiyata uyğun hərəkət etməyi, yəni qüslü təzədən almağı məsləhət görüb ki, biz də sualın cavabında ehtiyat yolunu tutub yazmışıq.