Kasıb bir oğlan padşahın qızına aşiq olur.
Ancaq bu arzusunun əlçatmaz olduğunu anladığı üçün pərişan halda gəzib-dolaşır. Bir gün ağsaqqal bir dərvişlə rastlaşır və dərdini ona açır. Dərviş ona məsləhət verir ki, şəhərin girişində otursun və kim ona nə desə : “Allah”- deyə cavab versin.
Kasıb gənc dərvişin məsləhətinə əməl edir. Günlərlə, aylarla şəhərin girişində oturur. Kimin nə deməsindən, nə soruşmasından asılı olmayaraq, ancaq Allah deyir. Bir müddət sonra həmin oğlan bu davranışına görə bütün şəhərdə məşhurlaşır, hamı ondan danışır. Məsələ padşahın da qulağına gedib çatır.
Bir gün padşah bu məşhur gənci görmək istəyir. Əvvəlcə, dərvişdən həmin oğlan haqqında məlumat alır. Dərviş də ona bildirir ki, bu gənc dövrün ən mübarək və Allaha çox bağlı insanlarından biridir. Bunu eşidən padşah dərhal gəncin yanına gəlir: “Kimsən? Dərdin nədir? Nə istəyirsən?”- deyə soruşur. Gəncin cavabı isə yalnız bir olur: “Allah”.
Padşah gəncin dilindən başqa söz çıxmadığını görüb geri qayıdır.
Səhərisi gün dərviş gəncin yanına gəlir və deyir ki, padşah öz qızını ona verməyə razı olanadək, o, padşahdan başqa bir şey istəməsin.
Bir gün yenə padşah oğlanın yanına gəlir və deyir: “Səni öz qızımla evləndirmək istəyirəm. Fikrin nədir?”.
Artıq mənəvi kamilləşən gənc isə bu təklifi rədd edir və deyir: “Qızınızla evlənmək istəmirəm. Mən başqa bir niyyətlə “Allah” dedim. Allah isə padşahı mənim kimi kasıb bir gəncin ayağına gətirdi. Mən sırf Allah rizası üçün “Allah” desəydim, kim bilir nələr olardı? Bundan sonra mən Ondan başqasını tanımıram, Ondan başqasını istəmirəm”.