Bir gün Harun Ər-Rəşid qəbristanlığın yanından keçərkən Bəhlul Danəndəni görür və “burada nə gəzirsən?” deyə soruşur.
- Kimsənin qeybətini etməyən, kimsəyə əziyyət verməyən, məndən bir istəyi olmayan dostlarımla görüşməyə gəlmişəm - deyə Bəhlul cavabında deyir.
Harun Bəhlula deyir:
- Sən o dostlarından Qiyamət günü Sirat körpüsündən keçəndə sorğu-sualın necə keçirildiyini soruşa bilərsən?
- Mən artıq soruşmuşam, istəyirsənsə sənə danışım. Elə buradaca bir ocaq qalatdır və üzərinə misdən tas qoysunlar ki, isinsin.
Harun nökərlərə əmr edir ki, dərhal Bəhlulun istədiklərini etsinlər.
Bəhlul tasın üstünə çıxır və özü barədə, mülkü və həmin gün yeyib-içdikləri barədə danışır və tasın üstündən enir. Bəhlul kasıb olduğundan danışacaqları da az olur və o, tasın üstündən enənə qədər tas hələ tam isinmir.
Daha sonra Harun çıxır və Bəhlul ondan da özü və mülkiyyəti barədə danışmağını istəyir.
Harun tasın üstünə çıxır və əlbəttə ki, varlı şəxsə məxsus olan mülkiyyətini sayıb qurtarmamış tas qaynar olur və Harunun ayağı yandığından tez yerə enir.
P.S. Bəhlul Danəndə bununla Haruna bildirmək istəyir ki, hər nə qədər mülkün çox olsa, Qiyamət günü də sorğu-sualın uzun çəkər və bu sorğu-sualdan yaxşı çıxmasan "ayağın yandığı üçün qaynar tasın üstündən cəld yerə düşdüyün kimi də Sürat körpüsündən Cəhənnəm alovuna düşərsən".