Gəlin tanış olaq! Mənim adım İblisidr, sizin ən qorxulu düşməniniz! (ikinci hissə)
Allah İblisi niyə yaradıb?
Əvvəla, Allah İblisi bu məqsədlə yaratmayıb ki, o, şər törətsin. İblis bütün insanlara və cinlərə verilmiş iradə azadlığı ilə öz yolunu özü seçib. Allah heç kəsi pisliyə və küfrə təhrik etməz, heç kimi Onun yolundan dönməyə məcbur etməz, o cümlədən İblisi də.
İkincisi, İblis yaxşı ilə pisi, haqla batili, günahla savabı ayıran vasitədir. İnsana yaxşı ilə pisi seçmək ixtiyarı verilib və insanın dəyəri də buna görə ölçülür. Bu dünyada öz nəfsinin istəklərinə qarşı göstərdyi münasibətə uyğun olaraq axirətdə ona mükafat ya da cəza veriləcək. Əgər belədirsə, onu sınağa çəkmək, mömin yoxsa kafir olduğunu aydınlaşdırmaq üçün mütləq bir vasitə lazımdır. Çünki bu vasitə olmasa, heç kimin mahiyyəti aşkar olmaz. Insanları sınağa çəkən məhək daşı İblisdir. Üçüncüsü, İblisin varlığı heç kəs üçün zülm deyil. Çünki İblis heç kimi zorla məcburən yolundan döndərmir. Allah-təala bəşəriyyətə doğru yolu göstərib. 124 min peyğəmbər, dörd səmavi kitab, alimlər, övliyalar tarix boyunca həqiqəti insanların diqqətinə çatdırmışlar. Üstəlik, hər kəsin batinində vicdan adlı rəhbər və fitri allahpərəstlik duyğusu da yerləşdirilib. İblis bu yolun əksinə olan bir yolu təklif edir. O, öz hiylələrini işə salır, aldatmağa çalışır. Amma yenə hansı yolla getmək ixtiyarı insana məxsusdur. Allahı yoxsa İblisi, vicdanı yoxsa nəfsi əsas tutacağı insanın özündən asılıdır: "Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir!" (Səbə, 21).
Ən təhlükəli düşmən
Şeytan insan üçün ən təhlükəli düşməndir. Çünki insanı mükəmməl şəkildə tanıyır. Şeytan insanın bütün zəif cəhətlərini bilir. İnsanı Allahdan sonra ən yaxşı tanıyan məhz İblisdir. Quranda buyurulur: "Şübhəsiz ki, o (şeytan) və onun camaatı sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (Əraf, 27). Şeytan hər kəsə qarşı ona uyğun silahla döyüşür. Mal-dövlətə həris olan adamı pulla aldadır, şan-şöhrət arzusunda olanı lovğalığa, dikbaşlığa təhrik edir, qadınlara qarşı laqeyd qalmayanı isə şəhvətlə imtahana çəkir. Ən qorxulu olan cəhət də budur.
Deyirlər ki, Allah-təala Həzrət Adəmin (ə) bədənini yaratdıqdan sonra ona ruh üfürməzdən əvvəl bir müddət cənnətdə saxladı. Bu zaman İblis yeni məxluqla maraqlandı, onun bütün əzalarını tədqiq etdi, hətta Adəmin (ə) ağzından girdiyini və bütün bədənini daxildən gəzdiyini deyirlər. Bir qism rəvayətlərə görə, İblis hələ o zaman Adəmin vücudunu bəyənməmiş, onu özündən əskik saymış və əgər gələcəkdə Adəmə tabe olmağı ondan tələb etsələr, bundan boyun qaçırmağı qərara almışdı (Əllamə Məclisi. Həyatül-qülub, səh. 26). Bəzi alimlərin fikrincə, insan bədəninin daxilən murdar və kəsif olmasının səbəbi də İblisin vücuduna bulaşmasıdır. Həqiqətən, insanın daxilində olan hər şey – damarlarındakı qan, bədən boşluğundakı sidik, nəcis və sperma murdardır. Hətta ölmüş insanın bədəninə toxunandan sonra qüsl almaq lazım gəlir.
İslam müqəddəsləri həmişə şeytanın təhlükəsindən ayıq-sayıq olmağı, bu böyuk düşmənlə mübarizəyə tam diqqətlə yanaşmağı tövsiyə etmişlər. Şeytana qarşı mübarizədə insanın yeganə köməyi Allah ola bilər. Allahdan uzaqlaşan mütləq mənada şeytanın yeminə çevriləcək. İmam Cəfər Sadiq (ə) buyurub: "Möminin üstünə düşən şeytanların sayı bədənə hücum çəkən arılardan daha çoxdur" (Əllamə Məclisi. Biharül-ənvar, 82, 211).
Şeytanın əsas gücü onun hiyləsindədir. İblis və onun əlaltıları ən universal psixoloji silahlarla təchiz olunmuş qüvvədir. Öz düşmənini çox gözəl tanıdığına, bütün zəif nöqtələrini bildiyinə və düşmənin öz daxilindəki təmayüllərə arxalandığına görə, İblis əksər hallarda mübarizədən qalib çıxır və öz məqsədinə asanlıqla çatır. Həzrət Əlinin (ə) İblis haqqında buyurduğu aşağıdakı kəlam da deyilənləri sübut edir: "Qəlblərə gizlicə nüfuz edən və qulaqlara piçiltı ilə vəsvəsə edən düşməndən ayıq-sayıq olun" (Qürərül-hikəm, 2623-ci kəlam).
Kim şeytana daha tez məğlub olur?
İnsan ruhunu üç əsas qüvvə idarə edir – ağıl, qəzəb və şəhvət qüvvələri. Bunların orta və mütənasib həddə olması insan üçün ən yaxşı və üstün hal sayılır. Kamil insanın ruhunda bu üç qüvvə müvazinət şəklini almalıdır. Amma əgər bunlardan hər hansı biri müvazinətdən çıxsa, yəni azalmağa və ya artmağa üz qoysa, ruhun kamilliyi pozular. Məsələn, ağlın və düşüncənin həddən çoxluğu – vasvasılığa, təkəbbürə, xəyalbazlığa gətirib-çıxarar. Əksinə, düşüncənin azlığı yalana inam və ehtiyatsızlıq yaradar. Qəzəb qüvvəsinin həddən çox olması qəddarlıqla nəticələnər, həddən az olması isə qorxaqlığa, qeyrətsizliyə səbəb olar. Şəhvət qüvvəsi həddini aşsa, əxlaqsızlıq, qudurğanlıq yaradar. Həddən az olsa isə insanın halal nemətlərdən uzaq durmasına, bədəninin zəifləməsinə, ailəsinin dağılmasına yol açar. Bütün bu əyintilər şeytanın hiylələri nəticəsində yaranır. Məqalənin növbəti bölümündə bütün bunları ayrı-ayrılıqda tarixi nümunələrlə araşdıracağıq. Hələlik bu barədə bir neçə hədisi diqqətinizə təqdim etməklə kifayətlənirik.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Şeytan insan üçün canavar kimidir. Canavar sürüdən ayrı düşmüş qoyunu aparar. Ona görə də camaatla, toplumla, məscid əhli ilə birlikdə olun, dəstələrə parçalanmayın" (Müttəqi Hindi. Kənzül-ümmal, I, 206, 1026-1027-ci hədislər). Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edilən hədisdə buyurulur ki, İblis bu hallarda insana asanlıqla qalib gəlir: adam lovğalanıb özünü başqalarından yüksək tutanda, yaxşı əməlləri öz gözündə çox görünəndə, günahları öz gözündə az görünəndə (Şeyx Küleyni. Əl-Kafi, II, 314). Rəvayət edirlər ki, İblis deyib: "Hər kim mənim ona qalib gəlməyimi istəmirsə, üç halda mənim varlığımı yadına salsın: qəzəblənəndə, iki nəfərin arasında hökm verəndə və naməhrəm qadınla otaqda tək qalanda" (Reyşəhri. Mizanül-hikmə, II, 1458, hədis 9415).
Şeytanın bəzi hiylələri və vasitələri
"Şübhəsiz ki, məfxi danışma (pıçıldaşma) iman gətirənləri məyus edib kədərləndirmək üçün olan şeytan əməlindəndir. Halbuki, Allahın izni olmadıqca (şeytan) onlara heç bir zərər yetirə bilməz. Möminlər yalnız Allaha təvəkkül etsinlər" (Mücadələ, 10).
"Ey iman gətirənlər! Şərab da, qumar da, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aranıza ədavət, kin salmaq və sizi Allahı zikr etməkdən, namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" (Maidə, 90-91). Qurani-kərimin bir neçə ayəsində möminlərə tapşırılır ki, şeytanın yolu ilə (izi ilə) getməsinlər. (Bəqərə, 208; Ənam, 142; Nur, 21 və s.). Məsum imamlar şeytanın yolunun (izinin) nədən ibarət olduğuna aydınlıq gətirərək buyurmuşlar ki, burada Qurana zidd olan hər bir hərəkət, Allahdan başqasına and içmək, günah nəzir demək və öz arvadını boşamağa and içmək nəzərdə tutulub.
İmam Əli (ə): "Fitnələr üç cürdür: Qadına olan sevgi – bu, şeytanın qılıncıdır. Şərab içmək – bu, şeytanın tələsidir. Dinar və dirhəm (pul) sevgisi – bu, şeytanın oxlarıdır" (Şeyx Səduq. Əl-Xisal, səh. 113). İmam Cəfər Sadiq (ə): "Iblisin qadından və qəzəbdən daha güclü qoşunu yoxdur" (İbn Şöbə Hərrani. Tühəfül-üqul, səh. 382). İmam Cəfər Sadiq (ə): "Şəhvətli baxış Iblisin zəhərli oxlarından biridir. Nə çoxdur elə baxışlar ki, nəticəsi uzun peşmançılıq olur" (Şeyx Abbas Qummi. Səfinətül-Bihar, II, 596).
Həmçinin, məşhur hədisdir ki, hər naməhrəm kişi və qadın bağlı qapı arxasında tək qalsalar, mütləq şeytan da onların yanında olar. Bir gün Həzrət Yəhya Peyğəmbər (ə) gördü ki, Şeytan əlində bir yığın zəncir tutub. Yəhya (ə) soruşdu: "Əlində tutduqların nədir?". Şeytan cavab verdi: "Bunlar Adəm oğullarını dünyaya bağlayan mal-dövlət, qadın, övlad, şöhrət, vəzifə zəncirləridir". Yəhya (ə): "Bunların arasında mənə aid olanı varmı?". Şeytan: "Bəli, sən hər dəfə yeyib doyandan sonra bədənin ağırlaşır, ibadətə və Allahın zikrinə rəğbətin azalır". Həzrət Yəhya (ə) bu sözləri eşidəndə and içdi: "Vallahi, bundan sonra heç vaxt doyunca yeməyəcəyəm, həmişə süfrədən yarı-ac qalxacağam". Şeytan da öz növbəsində belə dedi: "Mən də bundan sonra heç kimə nəsihət verməyəcəyəm".
Həzrət Mühəmməd Peyğəmbər (s): "Iblisin də adamları aldatmaq üçün sürməsi, ənlik-kirşanı və tənbəkisi var. İblisin sürməsi – tənbəllikdən mürgüləməkdir. Ənlik-kirşanı yalandır. Tənbəkisi isə təkəbbürdür" (Şeyx Səduq. Məaniyyül-əxbar, səh. 139). Maraqlıdır ki, bu hədisdə Peyğəmbər hər bir şeyi yerli-yerində və incə bir ifadə ilə bəyan etmişdir. Sürməni gözə çəkərlər ki, görmə qabiliyyəti çoxalsın. Amma şeytanın sürmə kimi insana təklif etdiyi tənbəllik əksinə, insanın gözünü bağlayır və görməsinə mane olur. Ənlik-kirşanı sifətə sürtərlər ki, təravəti artsın. Yalan danışan adamın isə xalq dili ilə desək, "sifətinin suyu tökülər, üzü bozarar". Nəhayət, tənbəkini asqırmaq və yüngülləşmək üçün buruna daxil edirlər. Lovğalanıb fəxr edən adamın haqqında isə xalq dilində deyirlər ki, "burnunu dik tutub". Xeyir üçün istifadə olunan bütün bu vasitələrin qarşılığında İblisin özünəməxsus vasitələri var. Amma bunlar insana xeyir yox, ziyan gətirir.
Şeytan nədən qorxur?
Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) səhabələrdən soruşdu: "İstəyirsinizmi sizə elə bir yol göstərim ki, bunu etsəniz, şeytan sizdən uzaq qaçar, aranızdakı məsafə məğriblə məşriq arasındakı qədər çox olar?". Səhabələr dedilər: "Bəli, ey Allahın Rəsulu". Peyğəmbər buyurdu: "Oruc tutmaq şeytanın üzünü qaraldar. Sədəqə vermək şeytanın belini sındırar. Allaha xatir sevmək və xeyir işlərdə əlbir olmaq şeytanın quyruğunu qoparar. Tövbə-istiğfar etmək onun şah damarını kəsər" (Şeyx Səduq. Əmali, XV məclis, I hədis).
Yuxarıda adları çəkilən bütün ibadətlər və əxlaqi keyfiyyətlər şeytanın insana təsir etdiyi yolları bağlamaq üçün ən gözəl vasitələrdir. Oruc tutan adam mədəsini, cinsiyyət üzvünü nəinki haramdan, hətta halaldan uzaq tutur. Bütün bəlaların başı olan tamah, şəhvət kimi bəlalar oruclu insana yaxın düşə bilməz. Oruc tutan adam dilini yalandan, gözünü haramdan, əl-ayağını günahdan qoruyar. Sədəqə verən adam şeytanın ən böyük fitnələrindən olan mal-dövlət sevgisinə qalib gəlmiş olur, öz əli ilə əmlakından bir hissəni başqasına təmənnasız olaraq verir. Allaha xatir sevmək (və əksinə, Allaha xatir nifrət etmək) insanın qəflət gözünü açır, dostunu-düşmənini ona tanıtdırır. Xeyir işlərdə əlbir olmaq müsəlmanları birləşdirir, onları yuxarıdakı hədisdə deyildiyi kimi, sürüdən ayrılmış quzu vəziyyətinə düşməkdən qoruyur. Nəhayət, günahlarını etiraf edib Allahın dərgahına tövbə ilə yalvarmaq insandakı xüdpəsəndliyi, mənəm-mənəmliyi öldürür.
Şeytanı dəhşətə salan və gücsüz edən əməllərdən biri də dua etməkdir. İmam Əli (ə) buyurub: "Çox dua et ki, şeytanın hücumundan amanda qalasan" (Əllamə Məclisi. Biharül-ənvar, 78, 9). Dua edən adam özü ilə Allah arasında səmimi əlaqə yaradar. Allahla əlaqəsi möhkəm olan şəxsin yanında isə şeytana yer yoxdur.
Kim şeytanın hiylələrindən amanda qalar?
"Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmü yoxdur" (Nəhl, 99). "(Allah İblisə buyurdu): "Sənə uyan azğınlar istisna olmaqla, bəndələrim üzərində sənin heç bir hökmün olmaz!" (Hicr, 42).
İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən bir hədisə görə İblis deyib: "Yalnız beş cür adama mənim hiyləm təsir etməz, qalan insanlar mənim ovcumun içindədirlər. Həmin beş adam bunlardır: xalis niyyətlə Allaha sığınan və bütün işlərində Allaha təvəkkül edən şəxs; gecə və gündüz çoxlu təsbih (dua və zikr) edən adam; özü istədiyini öz mömin qardaşı üçün də istəyən adam; başına müsibət gələndə sızıldamayan şəxs və Allahın verdiyi ruziyə qane olan, Allaha ağ olmayan adam" (Şeyx Səduq. Əl-Xisal, I, 285).
Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) bir dəstə adamın yanından keçirdi. O adamlar çox nəhəng qaya parçasını yerdən qaldıran bir pəhləvanın ətrafına yığılmışdılar. Peyğəmbər bu mənzərəni görəndə yanındakılara buyurdu: "Sizə bu pəhləvandan daha güclü olan adam haqqında xəbər verimmi? Ən güclü o adamdır ki, kimsə onu söyəndə qəzəbini udub bağışlasın. Bu halda o, həm öz nəfsinə, həm öz içindəki şeytana, həm də onu söyən adamın içindəki şeytana qalib gəlmiş olar" (Əl-Hədis məcmuəsi, II, 220).