"Biz sanki 30 il əvvəlki dövrə qayıtmışıq. Qəzza zolağında ərzaq satılır, amma hər şey çox bahadır. Ərzaq var, amma əsasən yağ və undan ibarətdir". Bu eksklüziv açıqlamanı APA-ya 13 yaşından Qəzza zolağında yaşayan Azərbaycan vətəndaşı Dinara Abdullah verib.
O insanların ərzaq almağa pullarının olmadığını deyib: "Mənim ərim həkimdir, biz ərzaq almağa birtəhər pul tapırıq, amma digər insanlar çox çətinlik çəkirlər. Şəhərdə atışma yoxdur, amma qorxu hissi hələ də qalır. Biz narahatıq, qorxuruq ki, atışmalar yenidən başlayacaq. Qəlbimiz sakit deyil. Qaz yoxdur, işığı müxtəlif rayonlarda fərqli cədvəl üzrə fasilələrlə verirlər. Həmişəki kimi ocaqda, iki günlük yemək hazırlayırıq. Benzin, kerosin demək olar ki, yoxdur. Burada gələcək yoxdur, uşaqlara yazığım gəlir. Biz iyirmi birinci əsrdə yaşayırıq, amma burada bu, hiss olunmur. İndiki vəziyyətimiz Əfqanıstandakı vəziyyətdən də pisdir. Qəzza zolağını tərk edərək Bakıya qayıtmaq fikrindən dönməmişik". // APA