"Zaman" teatrı dini mövzuda yeni əsəri səhnələşdirib. Kəmalə Mirməcidlinin "Hürrün tövbəsi" pyesi əsasında rejissor Loğman Kərimovun quruluş verdiyi əsərin premyerası keçirilib.
Tamaşa İslam tarixində ehtiramla anılan Məhərrəm ayının Aşura günündə Kərbəlada şəhid olan Hürr İbn Yəvid adlı sərkərdənin qəhrəmanlığı üzərində qurulub.
"Hürrün tövbəsi" tamaşasında sərkərdənin uşaqlıq dövründən tutmuş 30 yaşınadək bütün həyatı təsvir edilir. Səhnə əsərinin kluminasiya nöqtəsini isə Hürrün İslamı və Allahı inkar edən Yezidin ordusundan tövbə edərək Məhəmməd Peyğəmbərin (ƏS) nəvəsi İmam Hüseynin tərəfinə keçməsi və şəhid olması təşkil edir. Hürrün bu addımı atmasına səbəb onun ədalətin yalnız Allahın adı ilə bağlı olmasını anlaması olur. Hürr rolunun ifaçısı gənc aktyor Mahir Mirişovdur.
Tamaşanın səhnə və musiqi tərtibatı da Loğman Kərimova məxsusdur. Rolları isə Rauf Şahsuvarov, İqrar Salamov, Aybəniz Əhmədova, Rasəf Mehdiyev, Etibar Cəfərov və Ağaəli Şəkərli ifa edir. Xatırladaq ki, bu, 8 ildir fəaliyyət göstərən "Zaman" teatrının 28-ci tamaşasıdır. /ANS TV/