Qadınların namazında qadın pişnamaz dura bilərmi?
Bu məsələdə alimlər arasında fikir ayrılığı vardır. Keçmiş müctəhidlərin bir qismi qadınların camaat namazında yalnız kişiyə iqtida etməsini ehtiyata əsasən vacib bilirdilər. Ayətullahül-üzma Musəvi Ərdəbili, mərhum Ayətullah Lənkərani də bu cür fətva vermişlər. Lakin müctəhidlərin bir qismi qadınlardan ibarət camaat namazına qadının imamlıq etməsinə icazə verirlər. Məsələn, bu gün həyatda olan müctəhidlərdən Ayətullah-üzma Sistani, Xameneyi, Məkarim Şirazi, Zəncani, həmçinin mərhum Ayətullah Behcət buna icazə vermişlər. Bir qrup müctəhidlər isə buna icazə versələr də məkruh (bəyənilməz) bilirlər (cənazə namazından savayı); məsələn, Ayətullah-üzma Vəhid Xorasani, Safi Gülpaygani.
Əhli-sünnə məzhəblərindən üçü – hənəfilik, hənbəlilik və şafiilik qadının qadınlara imam-camaatlıq etməsinə icazə verir. Lakin maliki məzhəbində qadınların namazına kişinin imamlıq etməsi vacib sayılır.