Iranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam inqilabının 30-cu ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil edib. Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənib.
İranın Azərbaycandakı səfiri Nasir Həmidi Zare çıxış edərək, ölkəsinin inqilabdan ötən 30 ildə keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb. Diplomat dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək deyib ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişafına əlverişli zəmin yaradır. Səfir demokratiya yolu ilə irəliləyən, dinamik inkişaf etməkdə olan müstəqil Azərbaycana, xalqımıza uğurlar arzulayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov əlamətdar gün münasibətilə dost İran xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edib, dövlət başçısının salamlarını və xoş arzularını çatdırıb. O, deyib ki, İran Prezidenti Mahmud Əhmədinejadın ölkəmizə və Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərləri əsası Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və mehriban qonşuluq münasibətlərində yeni mərhələ açıb.
Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak ediblər. /ANS PRESS/