Şahid məhkəmənin andiçmə qaydasından imtina edərək, Allaha and içdi...
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Bakıdakı "LUKoil" yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda və digər cinayətlərdə təqsirləndirilən radikal dini qrup üzvlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az-ın xəbərinə görə, prosesdə Qobustan həbsxanasının rəis əvəzi işləmiş, hazırda təqaüddə olan Əlizadə Hüseynov ifadə verib. O bildirib ki, işlədiyi vaxt Qobustan həbsxanasından 80-ə yaxın mobil telefon götürülüb: "Kamran Əsədov bizim rütbə yoldaşımız olduğuna görə, onun məhbus Anar Nurlu ilə görüşü o qədər də şübhə yaratmayıb".
Prosesdə şahid qismində Qobustan həbsxanasında məhbus kimi yatan Anar Nurlu ifadə verib. İfadə verməzdən əvvəl o, məhkəmənin andiçmə qaydasına əməl etməyib. Andiçmədən imtina edən A.Nurlu Allaha and içərək, düzgün danışacağını deyib. Onun sözlərinə görə, əhli-sünnə olsa da, təqsirləndirilən İlkin İsmayılovla dini baxışlarında fərqlər var: "Kamran Əsədovla Fərid Cabbarov yanıma gələndə özlərini İlkin İsmayılovun xalasıoğlu kimi qələmə verdilər. İlkinin valideynlərilə söhbət edərkən Kamranla Fərid İlkin İsmayılovla nə isə danışırdılar, lakin mən onların eşitmədim. Mən gedəndən sonra da onlar qalıb söhbət etdilər. İlkin qapalı adamdır, söz soruşanda adama şübhə ilə baxır və danışmaq istəmir".
Bu zaman təqsirləndirilən Kamran Əsədov prokurorlara müraciətlə "gözümüzün içinə baxa-baxa yalan danışırsınız" deyib. Prokurorları yalan danışmaqda ittiham edən K.Əsədov sözlərini belə bitirib: "Allah bizə torba tikənlərə, yalan danışanlara lənət eləsin. Onlar Allahın qəzəbinə gəlsinlər".
Digər şahid qismində isə Sumqayıt şəhər 1 saylı Xəstəxanasının həkimi Emil Mustafayev ifadə verib. O bildirib ki, Sumqayıt şəhərində dini toylar olanda hazırda təqsirləndirilən Hacıbala Hüseynovla tanış olub: "Hacıbala Hüseynov radikal çıxışlar edirdi, məscidə gedənləri kafir adlandırırdı, İslam alimlərini təhqir edirdi. O, müsəlmanları dövlətə qarşı nicata qarşı çağırırdı. Bəzən qarğış da edirdi".
Məhkəmə günün ikinci yarısında davam etdiriləcək.