Namazda qünut tutmaq vacibdirmi? Qünutda hansı duanı oxumaq lazımdır?
Şiə və sünni məzhəblərində qünutun hökmü fərqlidir. Hənəfi və hənbəli məzhəblərində gündəlik namazlar zamanı qünut tutulmaz; yalnız hər hansı müsibət, bəla və ya təbii fəlakət üz verən günlərdə sübh namazı zamanı qünut tutmaq müstəhəbdir. Malikilər sübh namazında qünut tutmağı məndub (yəni bəyənilən) bilirlər. Şafii məzhəbində ikinci rükətin rükusundan qalxdıqdan sonra qünut tutmaq sünnət sayılır. Cəfəri məzhəbinə görə, bütün gündəlik namazların ikinci rükətində, rükudan əvvəl qünut tutmaq müstəhəbdir.
Qünutda istənilən duanı oxumaq olar. Özü də qünut duası namaz sözlərinin içində yeganə sözlərdir ki, ərəb dilində deyilməsi vacib deyil. Hər kəs öz dilində də qünut duası oxuya bilər. Qünutun müstəhəb duaları risalələrdə qeyd edilib. Qünutda Bəqərə surəsinin 201-ci ayəsini (Rəbbəna atina...) oxumaq Peyğəmbərin sünnəsidir.