Pakistanda şiə məscidində kamikadzenin törətdiyi terror aktı nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Hadisə zamanı 40-dan çox şəxs yaralanıb.
Deraqazixan şəhərinin polis rəisi Atxar Mübarək bildirib ki, partlayıcı qurğuya çoxlu sayda mismar və metal elementləri birləşdirildiyinə və terror aktı axşam namazı vaxtı törədildiyinə görə qurbanların sayı çox olub. Qeyd edək ki, bu, son üç ay ərzində Pakistanda törədilən ən böyük terror aktıdır. Güclü partlayış məscidin yaxınlığında yerləşən binaya da böyük zərər vurub. Atxar Mübarək terrorçunun ən azı 12 kiloqram partlayıcını işə saldığını bildirib. Terror aktına görə məsuliyyəti öz üzərinə heç bir təşkilat götürməyib.