Dağlıq Qarabağ münaqişəsi bütün Qafqazın şeyxi, hacı Allahşükür Paşazadənin, Moskvanın və bütün Rusiyanın yeni seçilmiş patriarxı Kirillə Rusiyada keçirilən görüşündə əsas müzakirə mövzularından biri olub. Bütün Qafqazın şeyxi ANS-ə eksklüziv müsahibəsində bildirib ki, münaqişə ilə bağlı müzakirələri o, erməni katalikosu Qaragenlə bu il baş tutması gözlənilən görüşündə də davam etdirəcək.
Şeyxin sözlərinə görə o, dinlərarası Məşvərət Şurasının hazırda möcud olan yeganə həmsədri kimi, Dağlıq Qarabağla bağlı həqiqətləri geniş şəkildə çatdırmaq üçün erməni katalikosunu Bakıda keçiriləcək dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq konfransa da dəvət edib:"Bir həmsədr kimi mən bütün dinlərin nümayəndələrini, MDB dövlətlərinin din nümayəndələrini konfransa dəvət edəcəyəm. O cümlədən, biz istəyirik ki, erməni katalikosuna da dəvətnamə göndərək. İndi o özü bilər gələcək, ya yox. Biz öz demokratlığımızı, öz münasibətimizi bütün dünya ictimaiyyəti qarşısında bildirməliyik. Biz heç bir şeydən çəkinməməliyik. Qarabağla bağlı konfransa onun çağırılması daha yaxşı olardı. O görsün, eşitsin ki, bu xalqın torpağı, vətəni zorla onun əlindən alınıb. Onu da bilirəm ki, o da başa düşən insandır, həyatı görən adamdır. Heç bir din insan öldürməyi təşviq etmir və bu konfransda heç bir din xadimi muharibəyə çağırış etməyəcək". /ANS TV/