Restoranda ofisiant işləmək günahdırmı? Belə adamın namazı qəbul olarmı?
Ofisiant işləmək öz-özlüyündə günah deyil. Amma bəzən restoran və yeməkxanalarda sifarişçilərə haram qidalar və içkilər də verilir. Məsələn, belə yerlərdə tez-tez araq içilir, arağı süfrəyə ofisiant gətirir. Haram işdə hər cür vasitə ilə iştirak etmək də haramdır. Arağı içmək günah olduğu kimi, onu hazırlamaq, satmaq, almaq, içmək üçün başqasına gətirmək də günah sayılır. Buna görə də ofisiantın haram yemək və içkiləri gətirməklə məşğul olması günahdır və bu yolla qazandığı pul da haram hökmündədir. Əgər onun vəzifələrindən biri də bu kimi işlərlə məşğul olmaqdırsa, tez bir zamanda iş yerini dəyişib halal bir işlə məşğul olmalıdır. Əgər halal iş tapmaq heç cür mümkün deyilsə, işini itirsə həm ailəsinin, həm də özünün çox çətin vəziyyətə düçəcəyi və hətta aclıqdan tələf olacağı təhlükəsi varsa, halal iş tapana kimi burada işləyə bilər.
Bununla belə, həmin adamın namazlarının qəbul olmadığını söyləmək də düz deyil. Onun qıldığı namazlar qəbuldur inşallah.