Sentyabrın 26-da Heydər Əliyev Fondu və Azərbaycandakı katolik dini icması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Bu münasibətlə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Bakıdakı Roma katolik kilsəsinin başçısı Yan Çapla ilə görüşüb.
M. Əliyeva xalqımızın tolerantlığından söhbət açaraq xüsusi vurğulayıb ki, müxtəlif dinlərə mənsub olan insanlar əsrlər boyu Azərbaycanda dostluq şəraitində yaşayıb: "Azərbaycanda insanlara dininə, dilinə, milliyyətinə, irqinə görə fərq qoyulmur. Bu, həm Azərbaycan xalqının, həm də dövlətin digər dinlərə və millətlərə olan münasibətidir".
Yan Çapla öz növbəsində Azərbaycandakı tolerantlığın yüksək səviyyəsini, müxtəlif dinlərə sitayiş edən insanların dinc, mehriban şəraitdə yaşamasını xüsusi qeyd edib.
Sonra M Əliyeva və Yan Çapla Heydər Əliyev Fondu və Azərbaycandakı Roma katolik dini icması arasında əməkdaşlıq memorandumu imzalayıblar.
Sənədə əsasən, tərəflər müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələri gerçəkləşdirəcək, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər.
Bu sahədə artıq ilk addımlar atılmaqdadır. İlkin əməkdaşlıq Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulmasını nəzərdə tutur. // lent.az