Qusarda Daxili İşlər, Milli Təhlükəsizlik nazirlikləri və Daxili Qoşunların radikal dini qruplaşma üzvlərinin zərərsizləşdirilməsi istiqamətində avqustun 24-dən başlanan əməliyyat-axtarış tədbirləri davam edir.
ANSPRESS-in bölgə müxbiri bu gün Daxili Qoşunlara məxsus 13 hərbi maşın və 1 ədəd ZTR-in Qusar rayonunun Avaran kəndinin girəcəyindəki meşə massivində axtarış apardığını müşahidə edib. Bu əməliyyatların əvvəlkilərin davamı olduğu bildirilir.
Xatırladaq ki, avqustun 29-da rayonun Həzrə kəndi yaxınlığında hərbçilərlə axtarılan şəxslərin atışması nəticəsində daxili qoşunların xüsusi təyinatlısı 25 yaşlı Əli Yolçuyev öldürülmüşdü. Sentyabrın 6 -da milli təhlükəsizlik nazirliyinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində 3 nəfər silahlı Qusar rayon sakini Telman Abdullayev, Gülşad Əlixanov və Kamil Əsədullayev öldürülmüşdü. Hazırda daxili qoşunların, milli təhlükəsizlik və daxili işlər nazirliyi ilə birgə Qusar ərazisindəki meşə massivlərində Köhnə Xudat - Avaran Xurel kəndləri ərazisində axtarış tədbirləri davam edir. /ANS PRESS/