ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi bu gün Bibiheybət məscidinə gedib. Məqsəd yenicə təmirdən çıxmış məscidlə tanış olmaq, eyni zamanda bu məscid icmasının timsalında bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik etmək olub.
Bibiheybət məscidinin axundu Hacı Hikmət səfiri tarixi abidə sayılan məscid binası ilə yaxından tanış edib, təmirdən əvvəlki vəziyyət barədə məlumat verib. E.Dörsi icma üzvləri ilə söhbətində vurğulayıb ki, Ramazan ayında belə bir yerə gəlməkdən çox məmnundur: "Eyni zamanda bu, böyük bir şərəfdir. Azərbaycanda ən böyük təcrübələrdən birini burdakı müqəddəs yerlərə baş çəkməklə qazanmışam".
E.Dörsi məscidin tarixi haqqında geniş məlumata malik olduğunu deyərək Stalin repressiyası vaxtı məscidin bərbad vəziyyətə salındığını, təmir işlərinin 10 ildən çox çəkdiyini xatırladıb: "Hazırda belə bir tarixi abidənin təmir olunmasını, möhtəşəm görkəm almasını Azərbaycanın müstəqilliyinin, suverenliyinin bir rəmzi kimi qiymətləndirmək lazımdır".
Sonda səfir bir daha Bibiheybət məscidinin axundunu, həmçinin bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.