Əbu Bəkr məscidinin imamı Qamət Süleyman Ramazan bayramının sonuncu cümə namazının və bayram namazının məsciddə qılınmasına icazə verilməsi xahişi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və hüquq-mühafizə orqanlarına müraciət edib.
Bu barədə "Media forum" saytına məlumat verən Q.Süleyman qeyd edib ki, Əbu Bəkr məscidində hər gün namaz qılan adamların sayı hardasa 3000-3500 arası olub. Onun sözlərinə görə, məscidin içərisində birdəfəyə 3 minədək adam namaz qıla bilər. Cümə namazında, bayram namazlarında isə məscidə 6-7 min nəfər toplaşırmış. Belə günlərdə məsciddə və həyətdə yer tapmayanlar hətta məscidin hasarından qıraqda da namaz qılırmış.
"Media forum"un Q.Süleymanın müraciətinə hansı cavabın veriləcəyini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən öyrənmək cəhdi baş tutmayıb.
Sentyabrın 1-dən başlayan Ramazan bayramının sonuncu cümə namazı ayın 26-na, bayram namazı isə ayın axırına düşür.
Əbu Bəkr məscidi burda terror törədilən gündən bağlıdır. Avqustun 17-də törədilən, iki nəfərin ölümü, bir neçə adamın yaralanması ilə nəticələnən terrorda özünü "Meşə qardaşları" adlandıran radikal dini silahlı birləşmənin üzvləri təqsirli bilinir. Azərbaycanın hüquq-mühafizə orqanları onlardan bəzilərini yaxalayıb. Birləşmənin rəhbəri İlqar Mollaçiyev isə Rusiyanın Dağıstan Respublikasında federal qüvvələrin apardığı əməliyyat zamanı öldürülüb.