Dəstəmaz alınan yerlə ayaqyolunun suaxanı (kanalizasiyası) eynidirsə, belə yerdə dəstəmaz almağa icazə verilirmi?
Dəstəmaz alınacaq suyun pak olması mühüm şərtdir. Amma dəstəmaz zamanı istifadə edilən suyun pak yerə axıdılması vacib deyil. Bəzi kitablarda (məsələn, Şeyx Bəhainin “Camei-Abbasi” kitabı) dəstəmaz suyunun ayaqyolu tullantıları ilə eyni yerə tökülməməsi müstəhəb sayılıb. Göründüyü kimi, burada da vacibatdan söhbət getmir.
Qeyd edək ki, bəzi hədislərdə ayaqyolunda yuyunmağın ruzini azaltdığı buyurulur. Əlbəttə, burada təbii ehtiyacı ödədikdən sonra özünü pak etmək nəzərdə tutulmur, çimmək, qüsl və dəstəmaz almaq nəzərdə tutulur. Buna görə də şərait imkan verdiyi halda dəstəmaz suyunu pak yerə axıtmaq daha yaxşıdır. Həyət evində yaşayanlar həyətdə dəstəmaz ala bilərlər, bina evində yaşayanlar isə dəstəmaz suyunu dibçəyə boşalda bilərlər.