Bir müctəhidə təqlid edən şəxs bəzi şəriət məsələlərində başqa müctəhiə təqlid edə bilərmi?
Cəfəri məzhəbinə görə təqlid o deməkdir ki, insan bir müctəhidin ən savadlı (ələm) olduğunu qəbul edərək, şəriət məsələlərində onun göstərişlərinə tabe olur, yəni ona tamamilə güvənir və dini həyatını o dediyi şəkildə qurur. Buna görə də bir müctəhidi ələm bildiyimiz halda, başqasına təqlid etməyimiz düzgün olmaz. Buna yalnız o zaman icazə verilir ki, müctəhid hər hansı məsələ haqqında qəti fətva verməyib, ehtiyati-vacib buyursun. Bu zaman ya həmin müctəhidin buyurduğu ehtiyata, ya da elmdə ondan aşağı, amma başqa müctəhidlərdən üstün olan başqa müctəhidin fətvasına əməl etmək olar. Əgər təqlid etdiyimiz müctəhidin bir məsələ haqqında fətvasını bilməsək və soruşub öyrənmək də mümkün olmasa, imkan dairəsində ehtiyata əməl etməliyik. Bu da mümkün deyilsə və ya çox çətindirsə, onda elmdə ondan aşağı, amma qalan müctəhidlərdən üstün olan müctəhidin fətvasına əməl edə bilərik.