Şərab satmaqla qazanılan pulla başqasını həcc ziyarətinə göndərmək, məscid tikdirmək, xeyriyyəçilik etmək düzgündürmü?
Dediyiniz əməllər ehsan adlanır. Ehsanın ən mühüm şərtlərindən biri isə halal olmasıdır. Amma çox təəssüf ki, bəzən haram yolla pul qazanan insanlar topladıqları sərvətin bir hissəsini kasıblara verməklə günahlarını yuduqlarını düşünürlər. Ticarətdə müştərini aldadan, çəkidə fırıldaqçılıq edən, keyfiyyətsiz malı tərifləyib satan, faizlə sələmə pul verən, qanuni bir işi rüşvətsiz həll etməyən adamlar gərək unutmasınlar ki, yalnız xərclədiklərinin deyil, həm də qazandıqlarının hesabını Allahın hüzurunda verəcəklər. Qiyamətdə hər qazanılan qəpiyin halallığı araşdırılacaq, yalnız ehsan sayılmağa layiq olan yardımlar qiymətləndiriləcək.