İslam.az-ın Serbiyanın müftisi Məhəmməd Yusifspaxiçlə müsahibəsini oxucuların diqqətinə çatdırırıq.
- Allah bizi yaratdı, bizə həyat verdi! Bizə bir ürək bəxş etdi. Bu ürəkdə həm Allah üçün, həm də bəndə üçün yer olmalıdır. İnsana sevgi bəsləmək bizim vəzifəmizdir. İnsana qarşı sevgi olmasa, Allaha qarşı da sevgi olmaz. Serbiyada müsəlmanlar pravoslavlarla sülh və əminamanlıq içində yaşayırlar.
- Serbiya müsəlmanlarının durumu necədir?
- Serbiyada yarım milyon müsəlman yaşayır. Sülh və əminamanlıq içində yaşayırıq. Serbiyanın Müsəlman Şurasının yaratdığı İslam əxlaqı fakültəsi və mədrəsələrimiz var. Serbiyada azad yaşayırıq.
- Serbiya müsəlmanları hansı məzhəbin davamçılarıdırlar?
- Serbiya müsəlmanları əsasən hənəfidirlər. Amma burada sufilər də yaşayırlar.
- Hökumətlə müsəlmanlar arasında hər hansı problem mövcuddurmu?
- Bəli, dövlətlə müsəlmanlar arasında problemlər var. Əsasən Serbiyadan asılı olmamasını istəyən müsəlmanlarla problemlər daha çox yaranır. Ancaq bu cür vətəndaşlar azlıq təşkil edirlər. Ümumilikdə isə ciddi problem yoxdur.
- Bəs sizin ölkədə hicabla bağlı qadağa yoxdur ki?
- Serbiyada hicab qadağası yoxdur. Hicablı xanımlar hicabsızlar kimi rahat gəzirlər. Axı xristian qadınlar da kilsədə başlarında örpəklə dua edirlər.
- Serbiya müsəlmanları Kosovo probleminə necə yanaşırlar?
- Bu siyasi sualdır. Allah bu dünyanı rəngarəng yaradıb. Qeyd etməliyəm ki, orada müstəqillik istəyən müsəlmanlar yaşayır. Lakin biz, Serbiya müsəlmanları ölkəmizi sevirik. Özümə məsləhət bildiyimi qardaşıma də arzu edirəm. Serbiyada mənə yad olan yoxdur. İslama görə, mən öz ölkəmi sevməliyəm. Kosovo müsəlmanlarının bir məqsədləri var. Ancaq bu hansı məqsəddir? Sülhməramlı məqsəddirmi? Dünya yoxsa axirət haqda fikirləşirlər? Görürük ki, onlar dünyanı düşünürlər. Axirəti qazanmaq üçün Allahı sevməliyik, digər insanları sevməliyik. Serbiyanı sevməliyik.
- Bu yaxınlarda Azərbaycanda oldunuz, təəssüratlarınızı bölüşməyinizi istərdim...
- Bizim, Serbiya müsəlmanlarının və ümumilikdə Serbiyanın Azərbaycanla çox yaxşı münasibətləri var. Azərbaycan Prezidenti İlham Əliyev bizim ölkəyə, müsəlman cəmiyyətimizə yardım edib. Məscidin təmir işlərinin başa çatmasında da ciddi əməyi olub. Buna görə də biz Azərbaycan rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
Fərdin İsazadə, islam.az üçün