Rəcm ayəsi barədə bəzi kitablarda yazılanlar nə dərəcədə doğrudur? Deyirlər ki, Quranda rəcm ayəsi olmuş, amma ayənin yazıldığı yarpağı keçı yediyinə görə bu ayə Qurana daxil edilməmişdir.
Bu, yanlış bir fikirdir. Quran ayələri hələ yazıya alınmazdan əvvəl səhabələrin hafizəsində əzbər halda mövcud idi. Onlar ayələri Peyğəmbərdən eşidib əzbərləyirdilər; belə səhabələrə “hafiz” deyilirdi. Necə ola bilər ki, ayənin yazıldığı vərəq ya yarpaq məhv olanda ayə də yaddan çıxsın, on minlərlə səhabədən heç biri onu yadda saxlamasın?
Təəssüf ki, bəzi mənbələrdə guya Peyğəmbərə rəcm (zina edənlərin daşqalaq olunması) ilə bağlı ayə gəldiyi, amma Quran yazıya alınarkən bu ayənin Qurana daxil edilmədiyi barədə rəvayətlər vardır. Bu cür qondarma rəvayətlərə inanmaq Quranın təhrif olunmasına inanmaq deməkdir və İslam baxımından batildir.