Uzun illər bundan əvvəl rəhmətə getmiş adamın qəbrini açıb oğlunu onun yanında dəfn etmək olarmı?
İslamda insan dirilikdə necə möhtərəm sayılırsa, öləndən sonra cəsədi də o qədər möhtərəm hesab olunur. Ölünün qəbrini açmaq ona qarşı hörmətsizlik kimi qəbul edilir. Buna görə də ən zəruri halları çıxmaq şərti ilə məzarı açmaq haramdır. Yalnız aşağıdakı hallarda məzarı açmağa icazə verilir:
1. Əgər ölünün dəfn edildiyi torpaq qəsbidirsə və yerin sahibi qəbrin həmin torpaqda yerləşməsinə halallıq vermirsə.
2. Əgər meyyitlə birlikdə qəsbi bir əşya dəfn olunubsa və əşyanın sahibi öz malını tələb edirsə.
3. Əgər meyyit qüslsüz və ya kəfənsiz, ya da batil qüsllə və kəfənlə dəfn olunubsa, üzü qibləyə qəbrə qoyulmayıbsa.
4. Vacib həqiqəti (məsələn, meyyitin öz əcəli ilə ölməsini yoxsa qətl edilməsini) aşkara çıxarmaq lazımdırsa.
5. Əgər meyyitə qarşı təhqir və hörmətsizlik ehtimalı varsa (məsələn, düşmənin meyyiti təhqir etməsi, qəbrin uçulması, sel basması, vəhşi heyvanın qəbri eşməsi və s).
6. Əgər ölmüş hamilə qadının bətnində diri uşaq olması bilinərsə, uşağı xilas etmək üçün.
7. Əgər meyyitin bədəninin bir hissəsi sonradan tapılıbsa. Amma bu halda da yaxşı olar ki, cəsədi aşkara çıxarıb baxmadan həmin bədən hissəsini qəbrə qoysunlar.
Qəbri açmağa bir də o zaman icazə verilir ki, bədənin tamamilə çürüyüb torpağa qarışdığı bilinsin. Yəni o yerlərdə hansı müddət ərzində meyyitin torpağa qarışdığı bilinərsə, o müddət keçdikdən sonra qəbri açmağa icazə verilir.
Bu istisnalardan savayı müsəlman qəbrini açmaq haram sayılır.