Məhəmmədşah Qacarın zamanında bir qoca yaşadığı şəhərin hakimindən baş vəzirə şikayət edir. Vəzir şikayətə baxır və qocanın haqlı olduğunu görür.
Lakin qocanın şikayət etdiyi şəhər hakimi baş vəzirin qohumu olduğundan, vəzir heç bir tədbir görmür və ona İsfahana gedib, orada yaşamağı məsləhət görür:
Qoca: İsfahanın hakimi də sizin qardaşınız oğludur.
Baş vəzir: Onda Şiraza get!
Qoca: Şirazın hakimi isə sizin bacınız oğludur!
Baş vəzir: Elə isə Təbrizə get!
Qoca: Təbriz də sizin nəvənizin ixtiyarındadır.
Baş vəzir qocanın cavablarından əsəbləşərək “Cəhənnəmin dibinə get!” deyir.
“Təəssüflər ki, orda da sizin mərhum atanız var”, – qoca cavab verir.