Bu gün artıq üç ildir Azərbaycanda və İƏT-in 35 ölkəsində həyata keçirilən “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli - beynəlxalq münasibətlər akademiyası” layihəsinin növbəti dəfə təqdimatı keçirilmişdir.
İslam.az-ın verdiyi xəbərə görə, proqramın “İƏT Model - Azərbaycan” adlanan milli hissəsi Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzi, Azərbaycan Respublikası, Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilir. Proqramın son mərhələsi olaraq 2 iyun tarixində Park İnn otelində keçirilmiş “İƏT Xarici İşlər Nazirlərinin Sammiti”ni simulyasiya edən yekun toplantıda quruma üzv ölkələri təmsil edən işçi qruplar çərçivəsində azərbaycanlı tələbələr İƏT məkanında baş verən mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək qərarlar qəbul etmişlər. Yekun qətnamələr şəklində qəbul edilən sənədlərdə Suriyadakı proseslər, İranın nüvə problemi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üzrə təkliflər öz əksini tapmışdır. Bu gün isə İƏT ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirlik nümayəndələri, eləcə də Milli Məclisini üzvləri və yerli ictimai xadimlərin iştirakı ilə proqramın bağlanış və iki gün öncəki toplantıda xüsusi istedadı və bacarığı ilə seçilmiş tələbələrin və fərqlənən qrupların mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə İƏT-ə üzv müsəlman ölkələrinin Bakıda təmsil olunan səfirləri və dipkorpus üzvləri, Azərbaycan dövlət qurumları rəhbərləri, millət vəkillər iştirak etmişdir.
Layihədə əsasən Bakı Dövlət Universiteti olmaqla Bakı ali məktəblərinin 150-dən artıq tələbəsi iştirak etmiş, 6 həftə ərzində onlar İƏT tarixi, strukturu, prinsipləri, müxtəlif qlobal mövzular üzrə konsepsiyalar, eləcə də İslam dini, onun sosial həyatda rolu, sivilizasiyalararası dialoq mövzuları ilə tanış olmuşlar. İƏT ölkələrinin Bakı şəhərində akkreditə olunmuş səfirləri, səfirliklərinin əməkdaşları, müxtəlif beynəlxalq və yerli dövlət qurumlarının aparıcı mütəxəssisləri tələbələrə müvafiq mövzular üzrə mühazirələr oxumuşlar.
Qeyd etmək lazımdır ki, Bakıda keçirilən simulyasiya oyunlarında xüsusi bilik və bacarığı seçilən beş azərbaycanlı tələbə bu ilin iyul ayında Malyaziyanın paytaxtı Kuala Lumpurda keçiriləcək beynəlxalq “İƏT modeli” yarışmalarına qatılmaq hüququ əldə etmişlər.











