Dünən Dindən Yazan Jurnalistlər Birliyi ölkədəki dini vəziyyətlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Azərbaycanın dini həyatında həllini gözləyən bir sıra vacib problemlər var. Son zamanlar cərəyan etmiş hadisələr, Əbu Bəkr məscidindəki partlayış və onun davamı kimi çıxış edən proseslər həmin problemləri gündəmə gətirdi.
Maarifçilik sahəsində boşluqlar, inanclı insanlarla cəmiyyətin ayrı-ayrı kəsimlərinin münasibətindəki anlaşılmazlıqlar, məscidlərin fəaliyyəti üçün zəruri olan şəffaflıq, dini sfera ilə bağlı aydın rəsmi konsepsiyanın yoxluğu üzə çıxmış problemlər sırasındadır.
Son dövrlərdə neqativ proseslərin dövlət-din münasibətlərinə doğru hərəkət elədiyi də nəzərdən qaçmır. Dində zor və məcburiyyət olmadığı kimi, dindara qarşı da zor və güc tətbiqi, eləcə də, "incə bir işin" polisə tapşırılması cəhdi müsbət effekt verməyəcək. Bu baxımdan hesab edirik ki, dini sahədə maarifçilik işinin gücləndirilməsi, dünya standartlarına uyğun vətən təhsilinə üstünlük verilməsi, bir sözlə, dindar-cəmiyyət-dövlət münasibətlərində problemli mühitin aradan qaldırılmasına xüsusi diqqət yetirmək vacibdir.
Fikrimizcə, öz məsuliyyətini dərk edən kütləvi informasiya vasitələri və peşəkar jurnalistlər bu işdə əhəmiyyətli rol oynaya bilərlər".
"Aydın" Dindən Yazan Jurnalistlər Birliyinin rəhbəri
Qurban Yaquboğlu
10.09.08