Qax və Zaqatala rayonlarında vəhhabi təriqətinə mənsub 7 nəfər həbs edilib. Yerli dindarlar APA-nın Şəki-Zaqatala bürosuna bildiriblər ki, Qax Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonda vəhhabi təriqətinin üzvü olan 10 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Saxlanılan şəxslərdən 4-ü - Nəsimi Mustafayev, İlham Saraqanov, Əfqan Şəkiliyev və Hacıkərim İsmayılov məhkəmənin qərarı ilə 7 günlük həbs cəzasına məhkum ediliblər.
Bu gün, həmçinin Zaqatalada 3 vəhhabi saxlanılıb. Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlardan Ramazan Dimbazovun 10 gün, Amil Səfərəliyev və Səid Şabanovun barəsində isə 7 günlük həbs-qətimkan tədbiri seçilib.
Zaqatala RPŞ-dən APA-nın yerli bürosuna bildirilib ki, saxlanılan şəxslər polisə müqavimət göstərməkdə təqsirli bilinirlər. // APA