"Azərbaycanda dini tolerantlıq mühiti mövcuddur". Bu açıqlamanı jurnalistlərə daxili işlər nazirinin müavini Oruc Zalov verib. Onun sözlərinə görə, Azərbaycanda hər hansı məscidin fəaliyyətinin təqib edilməsi faktı mövcud deyil: "Bütün məscidlər normal şəkildə fəaliyyət göstərir.
Biz heç kəsin fəaliyyətinə qadağa qoymamışıq. Amma dindarlar öz ibadətlərini küçələrdə yerinə yetirərsə və bununla piyadaların hərəkətinə maneçilik törətmiş olarsa, o zaman hüquq-mühafizə orqanlarının əməkdaşları bu prosesə müdaxilə edə bilər. Şəhidlər Xiyabanına qonaqlar gəlir, yolun ətrafında isə namaza gələnlərin avtomobilləri maneə yaradır. Namaz məsciddə qılınmalıdır. O ki qaldı dini icmaların fəaliyyətinə, qeydiyyatı olan bütün icmalar rahat fəaliyyət göstərə bilərlər. Bununla bağlı tərəfimizdən heç bir problem yoxdur".
Oruc Zalov vəhhabi təriqətindən olan şəxslərin polis şöbələrinə gətirilərək saqqalının qırxılması barədə iddiaları uydurma adlandırıb. O, "Əbu Bəkr" məscidində baş verən partlayışla bağlı təhlükəsizlik baxımından bəzi tədbirlərin görüldüyünü və bu tədbirlərin nəticələrinin dünən açıqlandığını bildirib: "Xüsusi olaraq qeyd etmək istəyirəm ki, qonşu Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda tam sabitlikdir və cəmiyyətin bütün üzvləri, o cümlədən media nümayəndələri bu sabitliyi qorumalıdır".