Namaz qılan, lakin bir müddət namazlarını təxirə salan, sonra isə qəzalarını qılan insan günah edirmi?
Namazı heç bir bəhanə ilə tərk etmək olmaz. Çünki namaz yeganə ibadət növüdür ki, hamı tərəfindən və hər zaman qılınmalıdır. Oruc tutmaq üçün sağlamlıq tələb olunur. Xüms-zəkat pulu olanlara aiddir. Həccə getmək üçün maddi imkan, sağlamlıq və təhlükəsizlik lazımdır. Amma namazı həm qadın, həm kişi, həm xəstə, həm sağlam, həm vətəndə, həm səfərdə olan, həm kasıb, həm varlı, həm qoca, həm cavan qılmalıdır. Bu və ya digər səbəbdən nöqsanı olan şəxslər üçün də namaz qaydalarında istisnalar var. Məsələn, dəstəmaz üçün su tapa bilmirsənsə, təyəmmüm et. Ayaq üstə qılmağa taqətin yoxdursa, oturaq halda qıl. Səfərdəsənsə, qəsr ilə (ixtisarla) qıl. Vaxtında qıla bilmədinsə, qəzasını yerinə yetir. Bütün bunlar namazın heç bir vasitə ilə tərk edilməsinin caiz olmadığını göstərir.
Namazı qılmayan və ya bir müddət qılıb sonra tərk edən adam böyük günah qazanır. Qurani-kərim cəhənnəmə düşənlərdən danışarkən, onların bir hissəsinin namaz qılmadığını buyurur. Ayələrin birində “vay olsun namaza saymazyana yanaşanların halına!” deyilir. Namazı nəinki qılmamaq, hətta ona sayğısız yanaşmaq da günahdır. Yəni namazı səliqəsiz və tələsik qılmaq, vaxtını ötürüb qəza etmək, bir gün qılıb-bir gün qılmamaq da günah sayılır. Namazın vacib olduğunu bilərək, qəsdən qılmayan, sonra isə qəza edən, yenə günah sahibi olacaq. Qəzalarını qılmaqdan əlavə, bu şəxs həm də tövbə edib Allahdan bağışlanmaq diləməlidir.