POPULYARXƏBƏRLƏR

"İstəyirlər ki, vəhhabi olduğumuzu deyək"

(Qamət Süleymanovun mediaforum saytına müsahibəsi)

Qapını özü açdı. Əlində əsa. Yeriyəndə sol qıçını çəkir. Sol qolu boynundan asılı, ayaqlarının və qollarının üstündə yara yerləri. Sol biləyində sarğı.

Söhbətin əvvəlində bildirir ki, məsciddəki hadisələrlə bağlı əslində heç bir mediaya müsahibə vermək istəmir, amma "Media forum" saytının əməkdaşını qəbul edib sualları üzbəsurət cavablandırmağa razılaşıb, çünki "Media forum"u obyektiv KİV kimi tanıyır. Özü belə deyir.

Söhbətin sonunda fotoşəklinin çəkilməsinə etiraz edir. Təklif edir ki, müsahibə saytda yerləşdirəndə ya onun köhnə şəkillərindən biri, ya da məscidin şəkli verilsin: "İstəmirəm düşmənlərim məni bu vəziyyətdə görsün. Amma onlara da deyiləsi sözüm var. İnşallah, tezliklə tam sağalacam və özümü daha da güclü hiss edəcəm. Onlarla da daha möhkəm mübarizə aparacam".

Beləliklə, müsahibənin əvvəli.

Müsahib: Qamət Süleyman - hamının Əbu Bəkr məscidi adlandırdığı Nərimanov rayonu Cümə məscidinin imamı. Müsahibənin götürüldüyü yer: imamın evi.

- Yaxşıyam, daha doğrusu yaxşılaşıram. Ayağımdakı tikişləri açdılar.

- Əməliyyat olunmuşdunuz?

- O biri qardaşlara baxanda məndə yaralar yüngüldür. Ayağımdakı yaranı həkimlər eləcə tikmişdilər. Məni daha çox digər qardaşların vəziyyəti narahat edir. Əbdürrəhman adlı qardaşın bir gözü ömürlük görməyəcək, onun gözünə iki qəlpə giribmiş. Hazırda bir qəlpəni çıxarsalar da, o biri hələ iki gözün arasındadır. Həkimlər deyir ona toxunsaq, o biri gözünün də görmə qabiliyyəti itə bilər. Hələ xəstəxanadadır. Qaraciyərindən yaralanan Namiq qardaşımızın da vəziyyəti ağırdır. Əvvəl o, Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunmuşdu. Vəziyyəti düzəlmirdi. Avqustun 27-də Tusi adına özəl klinikaya aparıldı, yenidən əməliyyat olundu. Vəziyyəti hələ ağırdır. Tusi klinikasında ağ ciyərindən əməliyyat olunan başqa qardaşımız var, hazırda onun vəziyyəti nisbətən yaxşılaşdığına görə klinikadan çıxıb.

Özüm isə yaxşılaşıram. Sarğılar açılıb.

- Məsciddən nə xəbər var?

- İstintaqa görə hazırda məscidə heç kəsi qoymurlar. Mənə elə gəlir, yaxın günlərdə məscid açılar. Artıq istintaqa nə lazımdırsa - əl izləri və sair götürülüb. Ramazan gəlir, bütün qardaşlar istəyir ki, orucluq başlayana qədər məscid açılsın və biz ibadətlərimizi məsciddə edək.

- Hazırda məscidin camaatı hara toplaşır, harda ibadət edir?

- Bakıdakı digər məscidlərə gedirlər. Bütün məscidlərə dağılışıblar. Cümə günləri Şəhidlər Xiyabanındakı məscidə, Ləzgi məscidinə, Göy məscidə, İlahiyyat məscidinə, Qaraçuxur qəsəbəsindəki məscidə gedirlər.

- Əbu Bəkr məscidi camaatının bəzi nümayəndələri polis bölmələrinə aparılaraq saqqallarının qırxılmasından şikayətlənir. Bu barədə nə deyə bilrsiniz?

- Təbii ki, xoşagəlməz haldır. İstintaq üçün polis idarəsinə getmək olar, burda bir problem yoxdur. Xüsusən bizim məscidin camaatı qumbara atan cinayətkarın tapılması üçün bunu etməyə hazırdır. Bəzi polis idarələrində dindarlara münasibət normaldır. Hətta onlara çay da təklif edirlər. Əl izlərini götürürlər, ifadələrini alırlar, vəssalam. Amma bəzi polis idarələrində dindarlara çox pis münasibət göstərirlər. Xüsusən avqustun 25-də baş verən hadisələr çox pisdir, hətta elələri olub ki, onları təhqir ediblər, birinin saçını da qırxıblar. Bu proses istintaqın gedişatına mane ola bilər. Məsələn, məsciddəki hadisə haqqında məlumatı olan kimsə bunları gördükdə polis bölməsinə getmək fikrindən daşına bilər.

- Avqustun 17-də Əbu Bəkr məscidində baş verən hadisəni necə qiymətləndirirsiniz: bu, terrordurmu?

- Təbii ki, burda qiymət vermək çətin deyil. Bu, əvvəlcədən hazırlanmış bir plan olub. Biz namaz qılırdıq, şüşəni sındırıb qumbaranı üstümüzə atdılar və qaçdılar. Buna başqa ad vermək olarmı? Məgər terror başqa formada olur? Bu, böyük cinayətdir. Özü də bu cinayət Allahın evində baş verib. Görsənir ki, onu törədənin ürəyində heç iman yoxdur. Çox azğın bir insandır. Bəzilərinin bunu sadəcə bir partlayış kimi qiymətləndirməsinə çox təəssüf edirəm. Amma bu belə deyil, çox ciddi hadisədir və onu ciddi hadisə kimi qiymətləndirmək lazımdır. Bu nəinki bizə, bütün müsəlmanlara, hətta dövlətə qarşı yönəlmiş bir hərəkətdir.

- Mətbuatda belə bir məlumat getmişdi ki, siz həmin gün yaralı vəziyyətdə xəstəxanaya müraciət etmisiniz, amma sizə yardım göstərilməyib...

- Hadisə baş verəndə artıq namazımız bitmək üzrəydi. Səcdədə olarkən pəncərə şüşəsinin sındığını eşitdik. Səcdədən qalxarkən qumbaranı qarşımda gördüm və dərhal başa düşdüm ki, terror hadisəsidir, partlatmaq istəyirlər. Həm özümü, həm də qardaşları müdafiə etmək məqsədilə onların üzərinə tullandım. Elə bu zaman partlayışın gücü məni iki-üç metr aralıya atdı. Hamı şokdaydı, heç kəs başa düşə bilmirdi ki, nə baş verib. Ancaq elə də səs-küy olmadı. Camaat özünü layiqli apardı, ayağa qalxıb dedim ki, qardaşlar, yaralılara kömək edin, tez xəstəxanaya çatdırın. Mən də qardaşlardan birinin maşını ilə 5 saylı xəstəxanaya getdim, orada mənə yardım eləyən olmadı.

- Niyə? Nəyi əsas gətirdilər?

- Dedilər, gözlə, cərrah əməliyyatdadır.

- Sizi tanıdılarmı?

- Allah bilir. Lap tanımasınlar, üst-başım ki qan içindəydi, ayağımdan qan axırdı. 5 saylı xəstəxanada mənə kömək edənin olmayacağını və tədricən vəziyyətimin ağırlaşdığını görüb Tusi klinikasına getdik. İlkin yardım göstərildi, ayağıma tikiş qoyuldu, bir balaca əlim şişmişdi, rentgendən keçirilməsi lazım idi. Mərkəzi Klinik Xəstəxanaya getdik. Orda əlimi rentgenə saldılar, sistem köçürdülər. Sonra evə gəldim. Elə o gündən evdəyəm. Hərdən müayinə üçün xəstəxanaya gedirəm, sarğıları dəyişirlər, iynə vurdururam.

- İstintaqın gedişatından nə xəbəriniz var?

- Xəbərim yoxdur. Çünki istintaq gizli aparılır. Bir neçə dəfə qardaşlardan xahiş etdim ki, istintaqın gedişatına kömək etmək üçün əllərində hansı məlumat varsa, nə bilirlərsə, desinlər.

- Məscidiniz bağlana bilərmi?

- Həmişə bizə qarşı çıxan müəyyən qüvvələr olub. Onlar istəyirlər bizi cəmiyyətə vəhabi kimi tanıtsınlar. İndiyə qədər bizim məsciddə heç kəs vəhabi olduğunu deməyib. İstəyirlər ki, biz vəhabi olduğumuzu deyək. Lakin bir neçə dəfə mən də, digər qardaşlar da demişik ki, biz vəhabi deyilik. Vəhabi olsaydıq, bunu deyərdik. Burda bir eyib yoxdur. Biz əhli-sünnəyik. Müəyyən qüvvələr var ki, baş verən hadisələrdən həmişə istifadə edib şayiə yaymağa çalışırlar. Elə məscidin bağlanması haqqında deyilənlər də şayiədən başqa bir şey deyil. Bizim məscidin həmişə xeyri olub. Dünyada proseslər radikallaşanda bizim məscid onun qarşısını almaq üçün böyük iş görür. Biz radikallığın qarşısını başqa yolla deyil, elmlə, elmdən irəli gələn fikirlərimizlə almağa çalışırıq. Məscid bağlana bilməz. Məscid açılacaq, heç bir problem yoxdur.

Əbu Bəkr məscidinin təxminən 10 yaşı var. 1998-ci ildə tikilib, ilk imamı da mən olmuşam. Elə o vaxt məscidin icması Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra təzədən qeydiyyatdan keçmişik və şəhadətnamə almışıq. Bizdə heç vaxt problem olmayıb. Bizim məsciddə həm sünnülər, həm şiə mənsəbindən olanlar gəlib namaz qılıblar. Sadəcə, müəyyən qüvvələr var ki, bizi problem kimi təqdim etmək istəyirlər. Amma məsciddə hər şey qanunidir, icması da var.

- Bayaq dediniz ki, sizə qarşı münasibət birmənalı deyil, hətta bəziləri sizin vəhabi olduğunuzu söyləməyinizi istəyir. Elə bu hadisələr baş verəndə şeyxülislam Hacı Allahşükür Paşazadə bunu Əbu Bəkr məscidindəki iki qrup arasında gedən münaqişənin nəticəsi kimi qiymətləndirmişdi. Sizə qarşı ikili münasibətin səbəbi nədir?

- Səbəb çoxdur, dini səbəb də ola bilər, gözügötürməzlik də, başqa səbəb də… Bu cür çıxışlar, sözsüz ki, hansısa səbəblər nəticəsində ortaya çıxır. Biz heç vaxt dövlətə qarşı olmamışıq. Bizə pis baxmalarına təəccüb edirəm. Siyasətə qarışmırıq. İbadət edirik və insanları bu yola dəvət edirik. Kim qəbul edirsə etsin, qəbul etməyəni də məcbur etmirik ki?! Məscidimiz tərtəmizdir, orda nə dinə, nə əxlaqa zidd hərəkətlər olur. Orda insanlar yalnız ibadətlə məşğuldurlar.

- Əbu Bəkr məscidinin camaatı arasında daha çox gənclərin olması müşahidə edilir. Bunun səbəbi nədir?

- Bu saat dünyada dinə dönüş hərəkatı var. Bu hərəkatın önündə də cavan nəsil gedir. Nəinki müsəlmanların, hətta xristianların arasında cavan nəslin nümayəndələri dinə gəlir. Təbii haldır, bütün dünyada müşahidə edilir. 21-ci əsrdə dinə dönüş güclənib. Bu, həyat məsələsidir və öz səbəbləri var. Gedən proseslər təsir edir. Bizi seçmələrinin səbəbi apardığımız düzgün təbliğatın nəticəsi ola bilər. Maşallah, hər bir insanın öz düşüncəsi, öz ağlı var və seçimi də öz əlindədir.

- Şeyxin açıqlamasından sonra qəzetlərdə belə bir məlumat da getdi ki, Əbu Bəkr məscidində ikitirəlik var, hətta bir cərəyanın da adı qamətilərdir.

- Bunlar hamısı şayiədir. Kənardan bizə təzə-təzə adlar qoyurlar. Məsciddə belə hal yoxdur.

- Artıq istintaq sizdən izahat alıb. Orda siz nə demisiniz?

- Hadisənin necə baş verdiyini danışdım. Soruşdular ki, kimdənsə şübhələnirəmmi? Mən də dedim ki, şübhələndiyim şəxs yoxdur, amma radikal qruplar çoxdur.

- Hansı qrupları nəzərdə tutursunuz? Həmin qruplar haqqında istintaqa məlumat verdinizmi?

- Radikal qruplar çoxdur, məndən heç də xoşları gəlmir. Ümumiyyətlə, məscid radikallığın əleyhinədir, biz radikallığın qarşısını almaq üçün böyük iş görürdük. Radikal fikirlərin səhv olduğunu elmi yolla izah edirdik. Məsələn, təkfir camaatı, cihad camaatı və başqa dəstələr var ki, sərt mövqe tutmuşdular.

- Kimə qarşı?

- Ümumilikdə Əbu Bəkr məscidinə qarşı.

- Adını çəkdiyiniz qruplardan, yaxud dəstələrdən hansısa əvvəl sizinlə birgə olubmu? Yəni onlar Əbu Bəkr məscidindən ayrılıblar?

- Adını çəkdiyim qrupların bəzi nümayəndələri əvvəllər Əbu Bəkr məscidində olublar. Sonradan başqa radikal qruplar onlara radikallıq təbliğ etdiyi üçün Əbu Bəkr məscidindən ayrılıb onlara qoşuldular. Yəni həmin adamlar görəndə ki, Əbu Bəkr məscidi radikallığın əleyhinədir, onu tərk edib getdilər.

- 17 avqust hadisəsi zamanı həlak olanlara, yaxud yaralılara məscid hər hansı formada yardım göstərə bildimi?

- Məscid hələ bağlıdır. Amma qardaşlar onları ziyarət edirdi, öz yardımlarını göstərirdilər. Biri dərman alır, biri həkimin pulunu verir, biri yemək gətirir və əlindən gələn başqa köməkliyi göstərirdilər.

- Avqustun 20-də Xətai rayonu ərazisində də partlayış hadisəsi baş verdi. "Bakıelektrikşəbəkə"nin yarımstansiyasına naməlum adamların qoyduğu partlayıcının işə düşməsi faciə ilə nəticələndi. Bu hadisənin Əbu Bəkrdə baş verən hadisə ilə əlaqəsi ola bilərmi?

- Yox. Heç istintaq da sonuncu hadisə barədə bizdən nəsə soruşmayıb.

- Məscid fəaliyyətə başlayandan sonra onun mühafizəsini necə təmin edəcəksiniz?

- Biz kameralar qoyulmasını, namaz qılınan vaxt bəzi adamların ətrafa nəzarət etməsini nəzərdə tutmuşuq. Hətta gecəgörmə kameralarının quraşdırılmasını da planlaşdırırıq.

- Nə üçün indiyə qədər kameralar quraşdırılmamışdı?

- Məscid Allah evidir. Heç kəs belə bir hadisənin baş verəcəyini gözləmirdi.

Müsahibənin sonu:

- Sonda üzümü tutub bir daha demək istəyirəm ki, səbirli olmaq lazımdır. Əsas da üzümü bizim məscid əhlinə tuturam. Bu bir imtahandır. Məscidimizin tezliklə açılmasını istəyirəm. Qardaşlarımızın qanının yerdə qalmamasını, cinayətkarların öz cəzalarını almasını istəyirəm. // Mediaforum



Yerləşdirilib:31 Avqust, 2008  19:51, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com