Sabah Şamaxıda Cümə məscidinin təmir və bərpasından sonra təntənəli açılış mərasimi keçiriləcək. Məscid Prezident İlham Əliyevin sərəncamı və Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində bərpa olunub. 743-cü ildə inşa edilən və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri olan Cümə məscidi 1859-cu və 1902-ci illərdə baş verən dəhşətli zəlzələlərdən ciddi ziyan çəkib. 1918-ci ildə isə erməni-daşnak quldur dəstələri qətliamdan qurtulmağa çalışan əhalinin sığınacaq tapdığı bu məscidi də yandırıblar. Prezident İlham Əliyevin 2009-cu ilin dekabrın 24-də imzaladığı sərəncamla məscidin milli memarlıq irsi ənənələrinə uyğun şəkildə təmiri və bərpası üçün vəsait ayrılıb.
İslam.az sabah baş tutacaq açılışla əlaqədar Azərbaycanın din xadimləri ilə əlaqə saxlayıb, fikirlərini öyrənib.
Hacı Mikayıl Qədimov (Şamaxı Cümə məscidinin imamı, Şamaxı bölgə qazisi):

- Allaha şükür olsun ki, belə bir hadisənin şahidiyik. Dinimizə belə sayğı və hörmətlə yanaşmağına, Şamaxıda belə möhtəşəm məscidin tikintisinə görə cənab prezidentə çox təşəkkür edirik. Mən həm öz adımdan, həm dindarlar adından, həm də bütün Şirvan camaatı adından dövlət başçısına minnətdarlığımı çatdırıram. Arzu edirik ki, bu işlərin davamı gəlsin. Qeyd edim ki, Şamaxıdakı məscid artıq ölkənin ən füsunkar məscidləri sırasında yer alacaq. Təmir işləri olduqca yüksək səviyyədə aparılıb. Bir daha təşəkkürümü bildirirəm.
Hacı Şahin Həsənli (Məşədi Dadaş məscidinin imam-cüməsi):

- İbadət yerlərinin təmirinə, yenilərinin inşasına Azərbaycanda ciddi ehtiyac var. Çünki inanclıların sayı durmadan artır və bəzi qədim tarixə malik ibadət ocaqlarımız müasir tələblərə cavab vermirlər. Dini və tarixi abidələrin bərpası olduqca təqdirəlayiq haldır və inanclı insanlar tərəfindən də müsbət qarşılanır.
Hacı Fizuli Cəfərov (Kürdəmir İmam Rza (ə) məscidinin axundu və icma sədri):

- Qədim tarixə malik, bir zamanlar ermənilər tərəfindən yandırılan məscidin belə möhtəşəm təmiri sevindirici haldır, biz dindarlar bunu fəxarət hissi ilə qeyd edirik. Bu məscid daha öncə çox acınacaqlı vəziyyətdə idi. İndi isə tam fərqli mənzərədir. Təmir işləri ilə yanaşı bu ibadət ocağının ərazisi də genişləndirilib.
Ramin Rəhimov (Göyçayın Əbəlfəzl Abbas məscidinin axundu):

- Əlbəttə ki, bu çox əlamətdar hadisədir. Mən Şamaxı məscidində çox olmuşam. Əvvəllər İsmayıllı rayonunda fəaliyyət göstərdiyim zaman yolum ora tez-tez düşürdü, çünki qazimiz orda idi. Yəni o yerlərlə sıx əlaqələrimiz olub və bu gün də qalmaqdadır. Mən o məscidin daha əvvəlki vəziyyətini gördüyüm üçün deyə bilərəm ki, çox böyük həcmdə və əsaslı işlər görülüb. Təmirdən savayı, minarələrin sayı da artırılıb, köməkçi otaqlar genişlənib. Mən də sabahkı təntənəli açılış mərasiminə dəvətliyəm və bu tədbirə qatılacam.
Hacı Nurəddin İslamov (Ağsu şəhər “Nuran Xatun” adına məscidin imamı və dini icmasının sədri):

- Biz inanclılar üçün bu olduqca böyük bir şərəfdir. Şamaxı kimi dini mərkəzdə belə gözəl və böyük məscidin açılışı ancaq fərəh hissi doğura bilər. Məscid elə təmir olunub ki, qədimliyini qorumaqla müasir çalarlara da malikdir. Allah prezidentimizdən razı olsun ki, biz inanclılar üçün belə bir şəraiti yaradır. Özü də bu, ölkəmizin bütün guşələrinə aiddir. Allah-taala dövlətimizi qüdrətli, bayrağımızı daim uca etsin!