Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sözçüsü Yaqut Əliyeva "Media forum" saytına açıqlamasında bildirib ki, polislərin Bakının Aşurbəy məscidində və Şəhidlər Xiyabanındakı məsciddə həyata keçirdiyi tədbirlər dindarların təhlükəsizliyini qorumaq məqsədi daşıyıb.
"Polis ictimai asayışın qorunması baxımından belə bir addım atıb" deyən Y.Əliyeva bildirib ki, adətən cümə günlərində dindarlar bəzi məscidlərdə, eyni zamanda məscidlərin həyətində kütləvi şəkildə toplaşırlar: "Amma elə məscidlər var ki, həmin vaxt boş olur. Dindarlara o məscidlərə gedib ibadət etmək məsləhət görülüb".
Y.Əliyevanın bildirdiyinə görə, Əbu Bəkr məscidində baş vermiş partlayışdan sonra dini icmaların özləri məscidlərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi təklifi ilə çıxış ediblər: "Son hadisədən sonra həm dindarların, həm də məscidlərin qorunması gündəmdədir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təmsilçisi belə tədbirlərin bundan sonra da davam edəcəyini vurğulayıb. Bu gün polisin niyə ancaq iki məsciddə nəzarəti gücləndirmək qərarına gəlməsi haqda suala cavab verərkən Y.Əliyeva söyləyib ki, ola bilsin, bu gün polisə yalnız iki məscidə daha çox adamın töplanması haqda məlumat daxil olub: "Ümumiyyətlə, bu cür tədbirlər həyətində kütləvi şəkildə namaz qılınan məscidlərə tətbiq olunacaq".