Avropa mətbuatında həzrəti Məhəmməd peyğəmbərin karikaturalarının yayılması bütün dünyada böyük əks-səda doğurub. Bu hadisəyə münasibət təkcə etiraz aksiyalarının keçirilməsi, bəzi dövlətlərin bayraqlarının və səfirliklərinin yandırılması ilə məhdudlaşmayıb, həm də müsəlman və Qərb ölkələrinin mətbuatda müxtəlif səpkili məqalələr yazılıb, müəyyən təhlillər aparılıb. Təəssüf ki, bəzən həmin yazılarda ifrata varılaraq böyük səhvlərə yol verilir. Hətta dinlərarası münasibətləri gərginləşdirəcək məqamlar ortaya çıxır. Dünən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) bu məsələylə bağlı bəyanat yayıb. Sənəddə bildirilir ki, "Yeni xəbər" qəzetinin 11 fevral 2006-cı il tarixli sayında müəllifi Natiq Muxtarlı olan "Vəhşi Qərbin Şərqə hücumu" adlı məqalədə iki səmavi dində müqəddəs sayılan Həzrəti Məryəm və Həzrəti İsa haqqında təhqiramiz ifadələr işlədilib, Həzrəti Məryəm "fahişə", İsa peyğəmbər isə "bic", "impotent" adlandırılıb: "Yazıda Qərb mətbuatında Məhəmməd peyğəmbərin karikaturalarının çap olunmasına münasibət bildirən müəllif təkcə xristianlıqda deyil, həm də İslam dinində müqəddəs sayılan bu şəxsiyyətləri heç bir əsas olmadan təhqir edib, dinlərarası nifaq yarada biləcək fikirlər səsləndirib, xüsusilə xristianlıq dininə qarşı kəskin ittihamlar irəli sürüb. Bu fikirləri həm Azərbaycan qanunlarına, həm beynəlxalq konvensiyalara, həm də bizim əxlaq normalarımıza kobud təcavüz kimi qiymətləndirmək olar". Bəyanatda daha sonra bildirilir ki, belə fikir sahibləri qanun qarşısında məsuliyyət daşıyırlar.
Ona görə də DQİDK fevralın 13-də adıçəkilən qəzetlə bağlı hüquq mühafizə orqanlarına rəsmi müraciət ünvanlayıb, müvafiq araşdırmaların aparılmasını və müəllifin mövqeyinə hüquqi qiymət verilməsini xahiş edib: "Dövlət Komitəsi hesab edir ki, yazıda gedən və İslam dininin əsasları ilə böyük ziddiyyət təşkil edən ifadələr onsuz da Şərqlə Qərb arasında yaranmaqda olan qarşıdurmanın daha da genişlənməsinə və Azərbaycanın beynəlxalq aləmdəki imicinə zərbə vurmaq işinə xidmət göstərir. Bu cür məsuliyyətsiz ifadələrin İslamın adından söylənməsi İslam ardıcıllarının müdafiəsinə xidmət yox, İslama qarşı təxribat kimi qiymətləndirilməlidir".
Bəyanatın sonunda qeyd edilir ki, DQİDK yazıda işlədilən təhqiramiz ifadələri, eləcə də bir sıra qərb qəzetlərinin Həzrəti Məhəmmədin karikaturalarını çəkmələrini bir daha qətiyyətlə pisləyir, mətbuatda dinlərarası qarşıdurma yarada biləcək yazıların getməsinin yolverilməz olduğunu bildirir.