Bu gün "Əbu-Bəkr" məscidinin dindarları "İçərişəhər"dəki "Aşurbəy" Məscidinə yığışmaq istəyiblər. Bu barədə "Azadlıq" radiosu məlumat yayıb. Məlumata görə, Səbail rayon Polis İdarəsinin əməkdaşları isə buna imkan verməyiblər. Polisin mövqeyini öyrənmək mümkün olmayıb.
"Turan"ın məlumatına görə isə, bu gün Bakının polis əməkdaşları İçəri şəhərdə "Ləzgi məscidi" kimi tanınan məsciddə sələfi (vəhabi) cərəyanına məxsus inanclı insanların cümə namazı qılmasına imkan verməyib. Beş-beş, on-on gələn inanclı insanlar İçəri Şəhərə buraxılmayıblar. İçəri Şəhərə, eləcə də adı çəkilən məscidə çıxışı olan bütün küçə və tinlər belə polis tərəfindən bağlanıb. Daha çox "Qız qalası" ətrafında cəmləşən inanclı insanları polislər dağılmağa çağırır, onları milli park tərəfə və başqa küçələrə istiqamətləndirirdilər. Bununla yanaşı, adı çəkilən məscidin yanında, eləcə də İçəri Şəhərə girişi olan küçələrdə post-patrul maşınları dayanıb. İnanclı insanlar polislə hər hansı bir qarşıdurma yaratmır və münaqişəyə yol vermədən qayıdırdılar. Bununla yanaşı, polis "Ləzgi məscidi" yaxınlığında yerləşən "Cümə" məscidində namaz qılan şəxslərin də ibadət etmələrinə maneçilik törədərək, onları da ibadət üçün məscidə buraxmaqdan imtina edib.