Bakıda partladılan Əbu Bəkr məscidi cümə günü fəaliyyətini bərpa edə bilər. "Cümə namazını Əbu Bəkr məscidində qılmaq istəyirik və əgər istintaqın gedişinə mane törətməyəcəksə, bu həftə məscidin fəaliyyətini bərpa edəcəyik", deyə bu gün Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.
Hacı Qamət qeyd edib ki, Ramazan ayı başlayır və məscidin fəaliyyətinin bərpa olunması vacibdir.
"Məscidin bağlanması baş verən terror hadisəsinin istintaqı ilə bağlıdır. Mən iki gün ərzində məscidin qapılarının açılması üçün bu işlə məşğul olan şəxslərlə danışıqlar aparacam. Əgər cümə gününə qədər oranın fəaliyyətini bərpa edə bilməsək, çalışacağıq ki, Ramazan ayı başlayana qədər məscidə qayıdaq", - deyə məscidin imamı əlavə edib.
Onun sözlərinə görə, tez-tez məscidə baş çəkir və ona məsciddə olan otağına daxil olmağa icazə verilir.
Məscidin imamı səhhətinin normal olduğunu və hadisə baş verən zaman aldığı qəlpə yaralarının sağaldığını, sərbəst hərəkət etdiyini bildirib. // Trend