Milli Məclisin insan hüquqları komissiyasının sədrinin sözlərinə görə, ölkədə dini sahədə mövcud olan tolerantlığı və sabitliyi pozmaqla, həmin qüvvələr Azərbaycana təzyiq etmək istəyirlər.
"Azərbaycanda dini sabitliyi pozmaq istəyən qüvvələrin olması istisna deyil" – "Trend" agentliyinin məlumatına görə, bunu Milli Məclisin insan hüquqları komissiyasının sədri, Rəbiyyət Aslanova deyib. Onun sözlərinə görə, ölkədə dini sahədə mövcud olan tolerantlığı və sabitliyi pozmaqla, həmin qüvvələr Azərbaycana təzyiq etmək istəyirlər və Azərbaycanın belə təzyiqlərin qarşısını almağa imkanı var. "Biz bilməliyik ki, Azərbaycanın uğurlarına sevinənlər olduğu kimi, bunu qəbul etməyənlər də var. Hər hansı bir cəhdə qarşı dərhal öz müqavimət qüvvəmizi səfərbər etməliyik" – deyə R. Aslanova əlavə edib.
O bildirib ki, Azərbaycanda heç vaxt dinlərarası qarşıdurma və ziddiyyət mövcud olmayıb. Komissiya sədri deyib ki, "Dini etiqad azadlığı haqqında" qanun bütün dini icma və təriqətlərin bərabər şəraitdə fəaliyyət göstərməsinə imkan verir: "Azərbaycana səfər edən din xadimləri ölkədə mövcud dini dözümlülük və modelin dünyaya nümunə olduğunu təsdiq edirlər. Əbu - Bəkr məscidində baş verən hadisə Azərbaycanda dinlər və təriqətlərarası münasibətlərə mənfi təsir göstərə bilməz".