Azərbaycanda fəaliyyət göstərən məscidlərin mühafizəsinin gücləndirilməsi ilə bağlı müraciət olarsa, bu məsələyə baxıla bilər. Bu barədə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi Mədət Quliyev deyib.
İdarə rəisi bildirib ki, avqustun 17-də Əbu Bəkr məscidində baş vermiş partlayış hadisəsindən sonra ölkədə fəaliyyət göstərən məscid rəhbərləri tərəfindən mühafizənin gücləndirilməsi ilə bağlı hələ ki, müraciət daxil olmayıb.
Quliyev həmçinin qeyd edib ki, məlum hadisədən sonra dövlət obyektlərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı Baş Mühafizə İdarəsinə göstəriş verilməyib. "İndiyədək bizim mühafizə etdiyimiz obyektlərdə belə bir insident olmayıb", - o vurğulayıb.
Əbu Bəkr məscidinin imamı Hacı Qamət Süleymanov isə bildirib ki, məlum olaylar tam aydınlaşandan, hadisəyə hüquqi-qiymət veriləndən sonra məscidin mühafizəsi ilə bağlı müraciət oluna bilər.