Avqustun 17-də saat 20.50 radələrində Nərimanov rayonunda yerləşən Əbu-Bəkr məscidində baş verən partlayış nəticəsində 21 nəfər xəsarət alıb. Bu barədə Bakı şəhər Prokurorluğundan bildirilib. Prokurorluqdan onu da qeyd ediblər ki, mətbuatda xəsarət alanların sayı ilə bağlı ziddiyyətli məlumatlar açıqlanıb.
Prokurorluqdan qeyd olunub ki, xəsarət alan 21 nəfərdən ikisi, 1957-ci il təvəllüdlü, Bakı şəhər sakini Abbasov Vaqif Qüdrət oğlu və Ağsu rayonunun 24 yaşlı sakini Vəliyyəddinov Təyyar Nadir oğlu hadisə yerindəcə ölüblər.
Yüngül xəsarət alan 15 nəfər ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Qalan 4 nəfər isə hazırda müalicə alırlar. Onlardan Məmmədov Namiq Klinik Tibbi Mrkəzdə, İsmayılov Rəşad Həsənağa oğlu, İbrahimov Daşqın Rəhim oğlu və Salahov Vüqar Müseyib oğlu isə Tusi adına Klinikadadır.