Bakının Nərimanov rayonu ərazisində yerləşən Əbu Bəkir məscidində baş verən hadisə ilə bağlı araşdırmalar davam etdirilir. Bakı şəhər Prokurorluğunun müstəntiqi Akif Məmmədov jurnalistlərə açıqlamasında partlayış nəticəsində iki nəfərin öldüyünü, 11 nəfərinsə yaralandığını bildirib.
Müstəntiqin sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağırdır, digərlərinin vəziyyəti qənaətbəxşdir. Hadisəni törədən şəxsin kimliyi də məlum deyil. Müstəntiq maddi sübutların ekspertizaya göndərildiyini söyləyib.
Partlayış nəticəsində xəsarət alan 12 nəfər Kilinik Tibb Mərkəzinə çatdırılıb. Mərkəzdən APA-ya verilən məlumata görə, onlardan 2-si xəstəxanaya aparılarkən yolda keçinib. Ölənlər 22-23 yaşlarında olan Təyyar Nadir oğlu Vəliyəddinov və 55 yaşı Vaqif Səməd oğlu Abbasovdur.
Yaralılardan 4-ü tibbi yardım göstəriləndən sonra evə buraxılıb. Gözündən zədə alan bir nəfər əməliyyat olunmaq üçün Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutuna göndərilib. Ağ ciyəri deşilən 25 yaşı Vüqar Salahovun, qara ciyərindən və bağırsaqlarından zədə alan 24 yaşlı Natiq Məmmədovun isə üzərində cərrahiyyə əməliyyatı aparılıb. Digər yaralananlar isə Sahib Xasıyev (1976), Rəşad Camalov (1985), Daşqın İbrahimov (1984), Rəşad İsmayılov (1984), Vüqar Salahov (1983) və Ruslan Səfərəliyevdir (1982). Hadisə nəticəsində yaralanan məscidin imamı Qamət Süleymanovun isə ayağından yaralandığı bildrilir. Xəstəxanadan verilən məlumata görə, o, ayağına iki tikiş qoyulduqdan sonra gecə evə buraxılıb.
Qeyd edək ki, avqustun 17-də saat 21.00 radələrində axşam namazı qılınarkən naməlum şəxs vəhhabi təriqətinə mənsub şəxslərin toplaşdığı Əbu-bəkr məscidinə iki əl qumbarası atıb. Partlayış baş verən zaman məsciddə 500-dək adam olub. Milli təhlükəsizlik naziri Eldar Mahmudov və daxili işlər naziri Ramil Usubov hadisə yerinə baş çəkiblər. Lakin onlar jurnalistlərə heç bir açıqlama verməyiblər.
Şahidlərin versiyasına görə, bu, məhz məscidin imamı Qamət Süleymanovun həyatına sui-qəsd olub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (qəsdən adamöldürmə) və 228 (qanunsuz silah saxlama, əldə etmə, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, hələlik şübhəli şəxs qismində saxlanılan yoxdur.